ABŞ Prezidenti Donald Tramp “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisində vəziyyətin kritik olması ilə bağlı məlumatları təkzib edib. Qeyd edək ki, missiya üçün göndərilən gəmi artıq 8,5 aydır dənizdədir.
Globalinfo.az xəbər verir ki, jurnalistin missiyanın həddindən artıq uzun çəkib-çəkmədiyi barədə sualına Tramp “Xeyr. Xeyr. Xeyr. Hələ ki kifayət deyil” cavabını verib. Ekipaj üzvlərinin ailələrinin narahat olduğu bildirildikdə isə prezident qısa şəkildə “Xeyr, onlar narahat deyillər” deyib.
Lakin “Navy Times” və “Stars and Stripes” nəşrlərinin məlumatlarına, həmçinin demokrat senator Riçard Blumentalın Pentaqona göndərdiyi məktuba görə, gəmi heyəti ciddi problemlərlə üzləşir. Bunlar arasında çirkli su, sıradan çıxmış santexnika, uçuş göyərtəsində təhlükəsizlik problemləri və ekipajın psixoloji vəziyyətinin pisləşməsi qeyd olunur.
Bundan başqa, hərbi qulluqçuların bir neçə ay ərzində yaxınları tərəfindən göndərilən bağlama və məktubları ala bilmədiyi bildirilir. Ekipaj üzvlərindən birinin həyat yoldaşı isə ərinin missiyasının dəfələrlə uzadılmasından sonra özünü gəmidən atmağa cəhd etdiyini iddia edib.
Pentaqon və ABŞ Hərbi Dəniz Qüvvələri bu iddiaları təkzib edir və ya onların şişirdildiyini bildirir. Pentaqon rəhbəri Pit Heqset də gəmidəki vəziyyətlə bağlı xəbərlərin təhrif olunduğunu deyib.
Bununla belə, missiyanın başa çatmasının yaxın olduğu bildirilir. ABŞ hökumətinin nümayəndəsinin sözlərinə görə, “USS George Washington” təyyarədaşıyan gəmisi regionda “USS Abraham Lincoln”u əvəz etməlidir.
Aysel Əliyeva
Globalinfo.az