Xorvatiyanın Adriatik sahillərində güclü meşə yanğınları baş verib. Yanğınlar səbəbindən 2 mindən çox sakin və turist təxliyə edilib.
Globalinfo.az xəbər verir ki, alovun Split şəhərinin cənubunda yerləşən Omiş yaxınlığındakı məşhur kurortlara yayılma ehtimalı barədə xəbərdarlıq edilib.
Güclü külək səbəbindən yanğınlar sürətlə yayılır. Alov yaşayış evlərinə qədər çatıb, bir neçə bina və avtomobil yanıb. Yanğının söndürülməsinə təxminən 300 yanğınsöndürən və aviasiya cəlb olunub.
Omiş bölgəsində azı bir nəfər ölüb, daha 14 nəfər xəsarət alıb. Onlar xəstəxanalara yerləşdirilib, yaralılardan 7-nin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, meşə yanğınları Avropanın digər ölkələrində də müşahidə olunur. Son həftələrdə Yunanıstanda da təxliyələr həyata keçirilib. Fransa, İspaniya və Böyük Britaniyada isə genişmiqyaslı yanğınlar qeydə alınıb.
Aysel Əliyeva
Globalinfo.az