Azərbaycanın iki mühüm qonşusu – Rusiya və İran son illərdə ciddi geosiyasi, hərbi və iqtisadi təzyiqlərlə üz-üzədir. Hər iki ölkənin Qərblə münasibətlərinin kəskinləşməsi, sanksiyalar, hərbi qarşıdurmalar və daxili problemlər onların gələcəyi ilə bağlı müxtəlif ssenarilərin müzakirəyə çıxarılmasına səbəb olub.
Rusiya və İranın beynəlxalq güclər tərəfindən “edam kürsüsünə çıxarıldığı” barədə fikirlər səslənir. Xüsusilə ABŞ və onun müttəfiqlərinin hər iki ölkəyə qarşı artan təzyiqləri fonunda Moskva və Tehranın əvvəlki regional imkanlarını itirdiyi iddia olunur.
Azərbaycan üçün isə məsələ daha həyati xarakter daşıyır. Çünki söhbət uzaq coğrafiyalardakı dövlətlərdən deyil, Azərbaycanın şimalında və cənubunda yerləşən iki böyük qonşudan gedir. Rusiya və ya İranın siyasi sistemində ciddi böhran, hakimiyyət dəyişikliyi, parçalanma və ya dövlət strukturunun zəifləməsi birbaşa Azərbaycanın təhlükəsizliyinə, sərhədlərinə, enerji və nəqliyyat layihələrinə, regional güc balansına təsir göstərə bilər.
Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərmanlı deyib ki, Rusiya və İranın dağılma perspektivləri hələ də zəif görünür:
“Lakin bu o demək deyil ki, heç vaxt olmayacaq. Bunu mümkün variantlardan biri kimi qiymətləndirə bilərik, xüsusilə İran müharibəsi və Rusiyanın düşdüyü vəziyyət fonunda. Dağılma prosesi baş verərsə, Azərbaycan da daxil olmaqla bütün regionda risklər və yeni imkanlar yaranacaq. Hər iki ölkənin coğrafi yaxınlığı, o cümlədən, etnik amillər Azərbaycan üçün təhlükəni daha da genişləndirir.
İranın parçalanması və bu coğrafiyada mərkəzi idarəçiliyin dağılması həm humanitar, həm təhlükəsizlik böhranları yaradacaq. Azərbaycan üçün təkcə sərhədlərin təhlükəsizliyi yox, həm də cənubdakı soydaşlarımızın müdafiə olunması, gələcəyinin qurulması önəmlidir. Rusiyada baş verə biləcək böhran Cənubi Qafqazın təhlükəsizliyini təhdid edir, çünki Şimali Qafqazın etnik rəngarəngliyi və tarixi təcrübə təsdiq edir ki, mərkəzi hakimiyyətinin mümkün zəiflməsi bu bölgədə xaosun başlanması üçün yetərlidir. Bu baxımdan, mümkün dağılma ssenarisi ciddi risklər yaradır”.
Asif Nərimanlı
Ekspert qeyd edib ki, bununla belə, prosesin yeni imkanlar yaradacağı da aydındır:
“Birincisi, həm coğrafi, həm siyasi təsir imkanlarımızın genişlənməsi perspektivləri ortaya çıxır.
İkincisi, Azərbaycan üzərindən keçən Orta Dəhliz əvəzolunmaz marşruta çevrilir.
Üçüncüsü, regionda yeni təhlükəsizlik arxitekturasının yaranması zərurəti Azərbaycanın liderliyini daha da gücləndirə bilər.
Lakin bu imkanlar yolun sonuna ortaya çıxır, finişə qədər davam edəcək proseslər – dağılma ssenarisinin yaradacağı risklər daha böyükdür. Azərbaycanın belə ssenarilərə hazırlıq olduğunu düşünürəm. Ukrayna ilə müharibədən sonra Rusiyanın düşdüyü vəziyyət, Cənubi Qafqazda dəyişən güc balansı, İran müharibəsində sərgilədiyimiz ağıllı strategiya da bunu deməyə əsas verir”.
Turan Rzayev
Globalinfo.az