Sosial mediada marketlərdə ərik qiymətlərinin baha olması müzakirələrə səbəb olub. Yay mövsümündə əriyin bir kiloqramının 17-18 manata təklif edilməsi birmənalı qarşılanmayıb.
Bəs bu yüksək qiymət nədən qaynaqlanır? Qiymətləri kim və necə tənzimləməlidir?
Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, qiymətlər tələb və təklif əsasında formalaşır:
“Burada əsas prinsipi rəqabətlilik formalaşdırır. Paytaxtda müxtəlif məhsullar üzrə fərqli qiymətlər müşahidə olunur. Bəzi məhsullar müəyyən ticarət mərkəzlərində daha ucuz, şəhər mərkəzində isə daha baha satılır. Hər məhsulun öz alıcısı mövcuddur”.
Ekspert deyib ki, bu gün bazarlarda əriyin qiyməti 18 manatdır:
“Lakin bəzi yerlərdə onu daha ucuz qiymətə əldə etmək də mümkündür. Bu istiqamətdə insanların seçim imkanları var. Vətəndaşlar istədikləri yerdən büdcələrinə uyğun məhsul ala bilərlər.
Hesab edirəm ki, əgər məhsul bu qiymətə satışa çıxarılıbsa, deməli, onun alıcısı da var. Bu o demək deyil ki, qiymət mütləq bahadır. Əgər həmin məhsulun alıcısı olmasaydı, bu qiymət də formalaşmazdı. Bu kimi məsələlərə normal yanaşmaq lazımdır. Əsasən geyim məhsullarında da bu cür halların şahidi oluruq”.
Safura Bənnayeva
Globalinfo.az