“ABŞ, İran və Oman Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı müvəqqəti razılaşmaya çox yaxındır və Vaşinqton bu razılaşmanı 5 avqustda elan etməyi planlaşdırır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Bildirilib ki, bir neçə həftədir aparılan danışıqların məqsədi ABŞ və İran arasında atəşkəs rejimini bərpa etmək, eləcə də İranın nüvə proqramı üzrə danışıqları yenidən başlatmaqdır:
“Razılaşma Oman və İran arasında Hörmüz boğazına dair 60 günlük müvəqqəti sazişi nəzərdə tutur və onun müddəti sonradan uzadıla bilər.
Plana əsasən:
– Hörmüz boğazından Fars körfəzinə daxil olan gəmilər İranın ərazi suları ilə keçəcək.
– Fars körfəzindən Ərəb dənizinə çıxan gəmilər isə Omanın ərazi suları ilə, İranla koordinasiya şəraitində hərəkət edəcək.
Sazişə görə, ilk 60 gün ərzində keçid haqqı və digər rüsumlar tətbiq edilməyəcək.
Bundan əlavə, tərəflər 30 gün ərzində boğazdakı mina sahələrinin təmizlənməsinə başlamağı öhdələrinə götürəcəklər.
Təmizləmə başa çatdıqdan sonra həmin zolaq gələcəkdə İran və Oman arasında razılaşdırılacaq daimi mexanizm çərçivəsində giriş və çıxış üçün istifadə olunacaq”.
Regional mənbələr bildiriblər ki, Oman və İran arasında aparılan danışıqlarda Qətər, Pakistan və Səudiyyə Ərəbistanı da vasitəçilik edib:
“Ağ Evin də danışıqlarda fəal iştirak etdiyi qeyd olunur. İranlı iki rəsminin sözlərinə görə, ölkənin xarici işlər naziri Abbas Əraqçi təkliflə razılaşıb. Lakin razılaşmanın qüvvəyə minməsi üçün onun İranın ali rəhbəri və Milli Təhlükəsizlik Ali Şurası tərəfindən də təsdiqlənməsi tələb olunurdu. ABŞ rəsmisi və regional mənbə isə İran rəhbərliyinin 4 avqustda razılaşmanı təsdiqləmə prosesini başa çatdırdığını bildirib”.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trump Omanda ABŞ və İran nümayəndələri arasında keçirilən danışıqların “çox uğurlu” keçdiyini açıqlamışdı.
Əliyar Xəlil
Globalinfo.az