İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı hərbi əməliyyatlarla bağlı mövqeyini bir daha açıqlayaraq, HƏMAS tamamilə tərksilah edilməyincə İsrail ordusunun mövcud mövqelərindən geri çəkilməyəcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. jurnalistlərin “HƏMAS-a təslim olub Qəzzadan geri çəkildiyiniz barədə məlumatlar doğrudurmu?” sualını cavablandıran Netanyahu bu iddiaları rədd edib.
Baş nazir vurğulayıb ki, İsrail Müdafiə Qüvvələrinə ölkənin təhlükəsizliyini təmin etmək, vətəndaşları və əraziləri qorumaq üçün zəruri hesab edilən bütün addımları atmaq tapşırığı verilib.
Netanyahu həmçinin ABŞ Prezidenti Donald Trampın da HƏMAS-ın tərksilah edilməsinin vacibliyini dəstəklədiyini bildirib. Onun sözlərinə görə, həm Vaşinqton, həm də Təl-Əviv HƏMAS-ın silahlarını təhvil verməsinin və təşkilatın hərbi potensialının aradan qaldırılmasının zəruri olduğuna inanır.
Baş nazir əlavə edib ki, ABŞ tərəfindən təqdim olunan təklif İsrail tərəfindən qəbul edilməyib. Onun sözlərinə görə, Təl-Əviv sənədə öz düzəliş və qeydlərini göndərib və bunu mediada yayılan məlumatlardan əvvəl edib.
Tahir Turan
Globalinfo.az