“Minsk razılaşmaları yalnız vaxt qazanmaq və Ukraynanı silahla təmin etmək üçün lazım idi”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel rusiyalı aktyorlar Vovan (Vladimir Kuznetsov) və Lexus (Aleksey Stolyaro ) ilə söhbətində etiraf edib.
Kuznetsov və Stolyarovun sözlərinə görə, onlar siyasətçinin ofisi ilə əlaqə saxlayıb, ətrafındakı bir neçə şəxslə danışıb və sonra uzun elektron poçt yazışmaları aparıblar.
Bir neçə həftə sonra onlar özlərini keçmiş Ukrayna prezidenti Petro Poroşenko kimi təqdim edərək Merkelin özü ilə danışa biliblər.
“Merkel dediklərinin məxfi saxlanılmasını istədi. O, Minsk razılaşmalarının yalnız Rusiyanı aldatmaq və bu vaxt Ukraynanı silahla “doldurmaq” üçün nəzərdə tutulduğunu etiraf etdi”, – deyə qeyd edilib.
Xatırladaq ki, Minsk razılaşmaları 2014 və 2015-ci illərdə Belarusun paytaxtı Minskdə Ukraynanın şərqindəki Donbas bölgəsində döyüşləri dayandırmaq məqsədilə imzalanmış sülh sazişləridir. Sənədlər Ukrayna, Rusiya, ATƏT və Rusiyanın dəstəklədiyi separatçı qüvvələrin nümayəndələri arasında razılaşdırılmışdı. Razılaşmalar atəşkəsin təmin edilməsi, ağır silahların təmas xəttindən geri çəkilməsi, əsirlərin mübadiləsi və Donbasın xüsusi statusu ilə bağlı siyasi addımları nəzərdə tuturdu. Lakin tərəflərin bir-birini öhdəlikləri pozmaqda ittiham etməsi səbəbindən sazişlər tam şəkildə həyata keçirilmədi.
Qeyd edək ki, Angela Merkelin Minsk razılaşmalarının “Ukraynaya vaxt qazandırdığı” barədə fikirləri əvvəllər də açıq müsahibələrində səslənmişdi. Rusiyalı prankerlərlə danışıqda yayılan iddialar isə həmin telefon danışığının yayımlanmış hissələrinə əsaslanır və əlavə şərhlərlə təqdim edilir. Merkelin ofisi onun prank zənginə məruz qaldığını təsdiqləsə də, danışıq zamanı səsləndirilən fikirlərin əvvəllər ictimaiyyətə açıqladığı mövqedən fərqlənmədiyini bildirmişdi.
Əliyar Xəlil
Globalinfo.az