UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın CSKA klubu ilə qarşılaşan “Qarabağ” penaltilər seriyasında məğlub olub. Komandanın uğursuz nəticəsi azarkeşlər arasında narazılıq yaradıb, hətta bəzi tanınmış şəxslər də komandanın çıxışını tənqid edib.
Deputat Fazil Mustafa sosial şəbəkə hesabında “Qarabağ”ın oyununu tənqid edərək, belə səriştəsiz futbolçuların bir araya gəldiyi komanda görmədiyini bildirib. O, bu oyun səviyyəsi ilə uğur qazanmağın çətin olduğunu qeyd edib.
Bəs “Qarabağ”ın məğlubiyyətinin əsas səbəbləri nələrdir?
Globalinfo.az-a danışan idman jurnalisti Natiq Muxtarlı bildirib ki, komandanın hazırkı vəziyyətində qeyri-adi heç nə yoxdur.
Onun sözlərinə görə, dünyada uzun illər ərzində daim sabit çıxış edən və heç vaxt eniş yaşamayan komanda yoxdur:
“Futbolda bütün klublar yüksəliş və eniş dövründən keçir. Əsas məsələ bu keçid prosesinin necə idarə olunmasıdır. Bunu dünyanın ən böyük klublarında da görmüşük. Məsələn, Lionel Messinin gedişindən sonra “Barselona”nın vəziyyəti hamıya məlumdur. Komanda zamanla toparlandı və yenidən uğurlu dövrə qayıtdı”.
N.Muxtarlı qeyd edib ki, “Qarabağ”ın bu mövsüm əvvəlki illərdəki heyətlə çıxış etməyəcəyi gözlənilən idi:
“Çünki komanda Çempionlar Liqasında uğurlu çıxış etdikdən sonra aparıcı futbolçulara maraq artdı. “Qarabağ” da oyunçularını sataraq həm gəlir əldə etdi, həm də maliyyə dayanıqlığını qorudu. Buna normal yanaşmaq lazımdır”.
Jurnalist bildirib ki, “Qarabağ” dövlət büdcəsindən və ya ayrı-ayrı şəxslərin maliyyəsindən asılı olmayan klub modeli qurmağa çalışır:
“Belə modeldə futbolçuların satılması təbii prosesdir. Lakin yeni transferlərin dərhal komandaya uyğunlaşmasını gözləmək doğru deyil. Onların həm kollektivə, həm də Qurban Qurbanovun oyun fəlsəfəsinə uyğunlaşması üçün zamana ehtiyac var”.

Natiq Muxtarlı
N.Muxtarlının fikrincə, Azərbaycan çempionatı başlamadan Avropa kuboklarında mübarizəyə qoşulmaq da komandanın tam hazır olmamasına təsir edib:
“Mövsüm davam etdikcə futbolçular arasındakı anlaşma artacaq. Yeni legionerlərin komandaya nə qədər fayda verəcəyi də zamanla bəlli olacaq. Ola bilər ki, bəzi transferlər gözləntiləri doğrultmasın və yeni dəyişikliklər edilsin. Bu, peşəkar futbolun normal hissəsidir”.
Ekspert hesab edir ki, “Qarabağ”ın əsas problemi yaradılan qol imkanlarından istifadə edə bilməməsidir:
“Komanda hər iki oyunda üstün təsir bağışladı, kifayət qədər qol vəziyyəti yaratdı. Sadəcə, həmin epizodları dəyərləndirə bilmədi. Bu, illərdir davam edən əsas problemlərdən biridir. Avropa oyunlarında yaratdığın fürsətlərdən istifadə etməyəndə sonda cəzalanırsan”.
N.Muxtarlının sözlərinə görə, “Qarabağ”ın məğlubiyyətini faciəyə çevirmək düzgün deyil:
“Komanda yenilənmə mərhələsindədir. Dünyanın heç bir klubu hər il eyni səviyyədə çıxış etmir. Futbolda eniş və yüksəliş dövrləri qaçılmazdır. Buna görə də “Qarabağ”ın nəticələrinə emosiyalarla deyil, uzunmüddətli inkişaf strategiyası prizmasından baxmaq lazımdır”.
Zaira Akifqızı
Globalinfo.az