bosanma

Son illərdə Azərbaycanda boşanmaların sayında artım müşahidə olunur. Mütəxəssislər bunu müxtəlif amillərlə əlaqələndirirlər. Bəzi ailələrdə maddi çətinliklər münasibətlərin pozulmasına səbəb olduğu halda, digərlərində xəyanət nikahın dağılmasının əsas səbəblərindən biri kimi göstərilir.

Ailədaxili xəyanətin qarşısını almaq üçün hüquqi mexanizmlər sərtləşdirilməlidirmi? Xəyanətə görə cərimə və ya başqa hüquqi məsuliyyət tədbirlərinin tətbiqi ailələrin qorunmasına xidmət edə bilərmi?

Globalinfo.az-a danışan sosioloq Mail Yaqub deyib ki, boşanmaların artmasının əsas səbəblərindən biri seçim imkanlarının həddindən artıq çoxalmasıdır:

“Müasir sosioloqlar da qeyd edirlər ki, bugünkü dövrdə insanların qarşısında çoxsaylı seçimlər var. Seçim imkanları artdıqca insan bir münasibətdə sabit qalmaqda çətinlik çəkir, daim yenilik axtarır. Bu da müasir cəmiyyətin əsas problemlərindən biridir. İnsanlar artıq bir ailədə və ya bir münasibətdə uzunmüddətli qalmağa əvvəlki qədər meylli olmurlar. Bu seçim imkanlarının genişlənməsində sosial şəbəkələrin də böyük rolu var. İnsanlar arasında ünsiyyət son dərəcə asan, sürətli və əlçatan olub. Təəssüf ki, bəziləri bu əlçatanlıqdan düzgün istifadə etmir və nəticədə ailələr dağılır”.

mail yaqub
Mail Yaqub

Sosioloq qeyd edib ki, ikinci əsas səbəb ailədaxili psixoloji münaqişələrdir:

“Mən iqtisadi problemləri əsas səbəb kimi göstərmirəm. Çünki iqtisadi çətinliklər hər zaman olub, amma boşanmaların sayı indiki qədər yüksək olmayıb. Bu gün daha çox psixoloji problemlər ön plana çıxır. Bəzən çox kiçik bir anlaşılmazlıq, bir söz və ya bir inciklik ailənin dağılmasına səbəb olur. İnsanların bir-birinə qarşı dözümü, güzəşti və anlayışı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Bu isə ciddi problemdir”.

Mail Yaqubun fikrincə, bu iki amilin təsirini azaltmaq mümkündür:

“Bunun yolu isə maarifləndirmə və ailə psixologiyası sahəsində davamlı təlimlərin keçirilməsidir. Əgər bu istiqamətdə sistemli iş aparılsa, inanıram ki, Azərbaycanda boşanmaların sayını azaltmağa nail olmaq olar. Bunun üçün televiziya, radio və sosial şəbəkələrdə peşəkar psixoloqların iştirakı ilə mütəmadi maarifləndirici proqramlara və təlimlərə böyük ehtiyac var. Təəssüf ki, hazırda belə təşəbbüslər kifayət qədər deyil”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: