Bakıda müşahidə olunan isti hava bu il yüksək rütubətlə də müşayiət olunur. Məhz buna görə də bir çox vətəndaş havanı “dözülməz” adlandırır. Mütəxəssislərin sözlərinə görə, yüksək rütubət orqanizmin tərləmə yolu ilə soyumasını çətinləşdirir, nəticədə isə insan istiliyi daha ağır hiss edir və günvurma riski artır.
Belə hava şəraitində insanlar sağlamlıqlarını qorumaq üçün hansı qaydalara əməl etməlidirlər? İsti və yüksək rütubətin orqanizmə təsiri nədən ibarətdir? İstidən qorunmağın ən effektiv yolları hansılardır?
Globalinfo.az-a danışan terapevt Aygün Sayılova deyib ki, hazırda ölkənin bəzi bölgələrində, xüsusilə Şirvan zonasında müşahidə olunan güclü külək, toz və yüksək rütubət əhalinin sağlamlığına mənfi təsir göstərə bilər:
“Bu cür hava şəraitində tozla birlikdə müxtəlif bakteriya, virus və digər zərərli hissəciklər havaya qalxaraq ağız, burun və gözün selikli qişaları vasitəsilə orqanizmə daxil ola bilir. Buna görə də belə günlərdə imkan daxilində ağız və burnu maska və ya digər qoruyucu vasitələrlə örtmək, açıq havada uzun müddət qalmamaq tövsiyə olunur. Evə qayıtdıqdan sonra əlləri sabunla yaxşı yumaq, üzü təmiz su ilə yumaq, göz və burun boşluğunu təmizləmək gigiyena baxımından vacibdir”.

Aygün Sayılov
Həkimin sözlərinə görə, isti havalarda isə əsas diqqət günvurmadan qorunmağa yönəldilməlidir:
“Təbii parçadan – pambıq və ya kətandan hazırlanmış, açıq rəngli geyimlər seçilməli, baş mütləq papaq, panama və ya yaylıqla qorunmalıdır. Geyim hava şəraitinə uyğun olmalı, orqanizmin həddindən artıq qızmasının qarşısı alınmalıdır”.
A.Sayılova bildirib ki, gün ərzində ən azı iki litr maye qəbul etmək, qidalanmada isə yağlı və ağır yeməklərdən daha çox təzə meyvə, tərəvəz, göyərti və bitki mənşəli qidalara üstünlük vermək məsləhətdir:
“Əslində Azərbaycan isti iqlimə malik ölkədir və insanlar bu hava şəraitinə uzun illərdir uyğunlaşaraq yaşayırlar. Bu il isə yaz mövsümü nisbətən sərin keçdiyi üçün isti havalar gec başladı və iyunun ortalarından etibarən özünü daha qabarıq göstərdi. Buna baxmayaraq, yüksək temperatur və tozlu hava şəraitində sadə qoruyucu tədbirlərə əməl etmək sağlamlığın qorunması baxımından böyük əhəmiyyət daşıyır”.
Zaira Akifqızı
Globalinfo.az