baki moskva 1 900x483 1

Prezident İlham Əliyevin Almaniyaya səfəri fonunda Rusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçevin rəsmi Bakının Avropa ilə əməkdaşlığını hədəf alan və hədələyici çalarlara malik açıqlamaları diqqət çəkib.

Maraqlıdır ki, bu ritorika xarici işlər naziri Ceyhun Bayramovun Moskvada keçirdiyi yüksək səviyyəli görüşlərdən sonra AzərbaycanRusiya münasibətlərində yumşalma gözləntilərinin artdığı bir vaxta təsadüf edir. Belə bir məqamda Rusiyadan gələn bu mesajlar Kremlin Bakının müstəqil və çoxşaxəli xarici siyasət kursuna münasibəti, eləcə də ikitərəfli əlaqələrin gələcək perspektivi ilə bağlı yeni müzakirələrə yol açıb.

Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Rusiyada müəyyən siyasi dairələrin narahatlığına səbəb olub:

“Dövlət Dumasının hakim Vahid Rusiya Partiyasından olan deputatı Aleksandr Tolmaçevin səsləndirdiyi tənqidi və hədələyici fikirlər də bunu sübut edir. Maraqlıdır ki, bu açıqlamalar xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya səfərindən və Rusiya rəhbərliyi ilə yüksək səviyyəli görüşlər keçirməsindən cəmi iki gün sonra səsləndirilib.

Azərbaycanın Qərb ölkələri ilə münasibətlərini inkişaf etdirməsi ilk dəfə deyil ki, Rusiyanın bəzi siyasi dairələri tərəfindən qısqanclıqla qarşılanır. Halbuki Azərbaycanın xarici siyasəti uzun illərdir balanslaşdırılmış kursa əsaslanır. Rəsmi Bakı həm Rusiya, həm Avropa İttifaqı, həm Türkiyə, həm də digər ölkələrlə milli maraqlar əsasında əməkdaşlıq edir. Azərbaycanın Almaniya ilə strateji dialoqa başlaması heç bir ölkəyə qarşı yönəlmiş addım deyil.

Rusiyada bəzi siyasi fiqurların bu reallığı qəbul etməməsi onların postsovet məkanına hələ də köhnə geosiyasi prizmadan yanaşmalarına görədir. Moskva uzun illər region ölkələrinin xarici siyasət seçimlərinə təsir göstərmək imkanına malik olub. Lakin son illər Azərbaycan xarici siyasətini heç bir güc mərkəzinin diktəsi ilə deyil, milli maraqları əsasında müəyyənləşdirir. Məhz bu müstəqil siyasət bəzi rus siyasətçilərində narahatlıq yaradır”.

mutellim rehimov e1746520125131
Mütəllim Rəhimli

Siyasi şərhçi bildirib ki, Almaniya Avropa İttifaqının aparıcı dövlətidir və Azərbaycanın onunla əməkdaşlığı Avropa ilə münasibətlərin daha da dərinləşməsi deməkdir:

“Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, Orta Dəhlizin inkişafında göstərdiyi mövqe fonunda Qərblə əlaqələrinin genişlənməsi təbii sayılmalıdır. Bu prosesi siyasi təzyiq və ya hədələrlə dayandırmaq mümkün deyil.

Aleksandr Tolmaçevin ritorikası rəsmi Moskvanın daxilində fərqli mövqelərin olduğunu göstərir. Çünki Bayramovun Moskvaya səfəri zamanı verilən rəsmi mesajlar dialoqun davam etdirilməsi və münasibətlərdə mövcud problemlərin aradan qaldırılması istiqamətində idi. İndi isə hakim partiyanın deputatının sərt açıqlamaları müəyyən şübhələr yaradır.

AzərbaycanRusiya münasibətlərinin sağlam inkişafı qarşılıqlı hörmət və suverenliyə əsaslanmalıdır. Azərbaycanın Almaniya, Avropa İttifaqı və ya digər tərəfdaşlarla əməkdaşlığı Rusiyaya qarşı seçim deyil. Eyni şəkildə, Azərbaycanın Rusiya ilə əlaqələri də Qərbə qarşı addım kimi qiymətləndirilməməlidir. Müasir beynəlxalq münasibətlər sistemi dövlətlərdən çoxşaxəli əməkdaşlıq qurmağı tələb edir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: