20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyevanın (“Arzum”) apellyasiya şikayəti üzrə məhkəmə başlayır.
Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, “Arzum” indilərdə kanvoyun müşayəti ilə Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilib.
Tiktokerin yaxınları təyin olunan vaxtdan 1 saat əvvəl Bakı Apellyasiya Məhkəməsinin qarşısına toplanıblar.
“Arzum”un hökmü iyulun 2-də Xəzər Rayon Məhkəməsi tərəfindən çıxarılmışdı. O, ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli bilinərək 5 il 2 ay azadlıqdan məhrum edilib. Lakin müttəhim qəzanın baş verməsinə görə özünü qətiyyən təqsirli saymır, günahsız olduğunu bildirir.
Onun vəkilləri də bu əsasla apellyasiya şikayəti veriblər. Şikayətdə “Arzum”un bir nəfərin ölümü, digərinin xəsarət alması ilə nəticələnən qəzaya səbəbkar olmadığı, buna baxmayaraq birinci instansiya məhkəməsinin ittihamedici hökm çıxardığı qeyd olunub.
Müdafiə tərəfinin hansı əlavə dəlil və sübutlarla çıxış edəcəyi hələlik bilinməsə də, tələbləri bəraət qərarı verilməsidir. Bu dəqiqəyə olan məlumata görə, hökmdən prokuror tərəfindən protest, zərərçəkmiş tərəfdən isə şikayət daxil olmayıb. “Arzum”un şikayətinə hakim Elnur Nuriyevin sədrliyi ilə baxılacaq. Birinci iclas saat 10:45-də başlamalıdır.
Qeyd edək ki, “Arzum”un təqsirli bilindiyi yol qəzası ötən ilin iyununda baş verib. Qəza nəticəsində 29 yaşlı Amal Məlikov ölüb, onun həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb. Amalın hüquqi varisi və həyat yoldaşı “Arzum”la barışmayıb, onun qanunauyğun cəzalandırılmasını tələb ediblər. “Arzum”un məhkəmə zalında həbs edilməsi cəmiyyətdə geniş rezonans doğurub. Sosial şəbəkələrdə yayılan qəza görüntüləri ətrafında hüquqşünaslar, nəqliyyat üzrə ekspertlər və müxtəlif sahələrin nümayəndələri arasında müzakirələr aparılıb. Bir çoxları qəza anının görüntülərini analiz edərək “Arzum”un hadisədə təqsirli olub-olmaması ilə bağlı fərqli mövqelərdən çıxış ediblər.