maas 1

Azərbaycanda orta aylıq nominal əməkhaqqı artaraq 1 175 manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2026-cı ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz yüksəlib. Bununla yanaşı, neft-qaz və qeyri-neft-qaz sektorları, eləcə də dövlət və özəl sektor üzrə əməkhaqqı göstəriciləri arasında nəzərəçarpacaq fərqlər qalmaqdadır.

Bəs açıqlanan orta aylıq əməkhaqqının artması kimlərə aiddir və bu rəqəmlər bütün çalışanların maaşlarının yüksəldiyi anlamına gəlirmi?

Globalinfo.az-a danışan iqtisadçı Eyyub Kərimli deyib ki, əslində, müəyyən sahələrdə çalışan şəxslərin maaşında artım olub:

“Hazırkı müşahidələr və statistik göstəricilər əsasında demək olar ki, əməkhaqqı artımı daha çox dövlət sektorunda, maliyyə və sığorta, nəqliyyat-logistika, eləcə də rabitə və informasiya-kommunikasiya (rəqəmsal) sahələrində müşahidə olunur. Digər sahələrdə isə orta əməkhaqqı artımı nəzərəçarpacaq dərəcədə deyil. Bu, əsasən kənd təsərrüfatı, təhsil, ticarət və xidmət sahələrinə aiddir. Həmin istiqamətlərdə orta əməkhaqqında ciddi artım qeydə alınmır. Bununla belə, əməkhaqqının daha sürətlə artdığı qeyd olunan sektorlar ölkə üzrə orta aylıq əməkhaqqının yüksəlməsinə müsbət təsir göstərib”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: