Son günlər gənclər arasında artan ölüm halları narahatlıq doğurur. Azərbaycan Memarlıq və İnşaat Universitetinin birinci kurs tələbəsi Simay Hacıyevanın ürək çatışmazlığından vəfat etməsi, Bakı Avrasiya Universitetinin tələbəsi Nuran Qədirlinin isə səhhətinin qəfil pisləşməsi nəticəsində həyatını itirməsi bu mövzunu yenidən gündəmə gətirib.
Gənclər arasında qəfil ölüm hallarının artmasının əsas səbəbləri nələrdir? Gəncləşən ölümün qarşısını necə almaq olar?
Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, burada qəfil ölümlərlə digər hallar fərqləndirilməlidir:
“Belə ki, uzun sürən xəstəliklər nəticəsində baş verən ölümlərin də dinamikasında artım müşahidə olunur. Xüsusilə onkoloji və autoimmun xəstəliklərin gənclər arasında yayılması çoxalıb. Qəfil ölümlər isə ayrıca qiymətləndirilməlidir. Çünki bu halların sayı həqiqətən də əhəmiyyətli dərəcədə artıb. Bunun əsas səbəbləri tromboemboliya və ürək-damar xəstəlikləridir. Oturaq həyat tərzi, həddindən artıq və keyfiyyətsiz qidalanma, yüksək xolesterin səviyyəsi orqanizmdə maddələr mübadiləsini pozur. Nəticədə damarlar vaxtından əvvəl tıxanır, bu da ürək, beyin və damar xəstəliklərinə, eləcə də müxtəlif ağır fəsadlara səbəb olur”.

Adil Qeybulla
Professor bildirib ki, qəfil ölümlərin əsas səbəbləri arasında ürəyin elektrik fəaliyyətinin dayanması, maddələr mübadiləsinin pozulması nəticəsində yaranan geniş infarkt, insult və tromboemboliya yer alır:
“Bu hallar çox vaxt qəfil ölümlə nəticələnir. Belə durumların səbəbləri mütləq araşdırılmalıdır. Hər bir ölüm faktı üzrə autopsiya aparılmalı, nəticələr ümumiləşdirilməli və bunun əsasında müvafiq qərarlar qəbul edilməlidir. Eyni zamanda, insanların maarifləndirilməsi istiqamətində sistemli iş aparılmalıdır. Təəssüf ki, hazırda bu sahədə ardıcıl və sistemli fəaliyyət müşahidə olunmur”.
Ləman İmran
Globalinfo.az