Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (Husi) hərəkatının lideri Əbdül-Məlik əl-Husi Səudiyyə Ərəbistanını təcavüzdə ittiham edib və cavab tədbirləri görəcəklərini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, əl-Husi çıxışında Səudiyyə Ərəbistanının Səna hava limanını hədəfə aldığını və bunun heç bir əsasının olmadığını iddia edib.
“Onlar Səna hava limanına hücum etdilər. Günorta çağı bu təcavüzü həyata keçirdilər. Bunun üçün heç bir bəhanələri yox idi və məsələ onlara aid deyildi. Biz onlara qarşı heç nə etməmişdik”, – deyə o bildirib.
Husi lideri qeyd edib ki, bundan sonra hücumlara cavabsız qalmayacaqlar.
“Əgər siz Sənaya zərbə endirirsinizsə, biz də Ər-Riyadı vuracağıq. Bizi blokadaya alsanız, eyni addımı atacağıq”, – deyə əl-Husi vurğulayıb.
O, həmçinin Səudiyyə Ərəbistanını Yəməni blokadada saxlamaqda, əhalini aclığa məruz qoymaqda və ölkənin neft-qaz ehtiyatlarından istifadəyə mane olmaqda ittiham edib.
Əliyar Xəlil