Samuxda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.
“Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, məlumatda deyilir.
***18:54
Samuxda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslər müxtəlif qidalar qəbul ediblər.
Globalinfo.az Report-a istinadla xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinin həkimi Əli Quliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, pasiyentlər əsasən halva və südlü aş qəbul ediblər:
“Onlarda halsızlıq və ishal əlamətləri olub. Xəstəxanada pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib, müalicələri davam etdirilir”.
***17:17
İyulun 15-də saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Globalinfo.az-a TƏBİB-dən bildirilib.
“Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir”, məlumatda deyilir.
***17:17
Samuxda zəhərlənmə hadisəsi baş verib.
Globalinfo.az bildirir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
15-dən artıq şəxsin qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirildiyi bildirilir.