1 iran teheran nyito

ABŞ-ın yenidən İrana hücumlara başlaması regionda narahatlığı artırıb. Müharibədən əvvəl İran ərazisinin hədəf alınacağı təqdirdə, buradan digər region ölkələrinə qaçqın axınının ola biləcəyi proqnozlaşdırılırdı. Lakin gözləntilər reallaşmadı.

İranın ağır şəkildə bombalanmasına rəğmən gözlənilən qaçqın axını niyə olmadı?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, İranın müxtəlif ərazilərinin hədəfə alınmasına baxmayaraq, böyük miqyasda qaçqın dalğasının yaranmaması ölkənin sosial və siyasi quruluşu ilə bağlıdır:

“Belə ki, İran bu mənada digər münaqişə zonalarından fərqlənir. Suriya, Əfqanıstan və bəzi digər Yaxın Şərq ölkələrində olduğu kimi dövlət institutlarının tam çökməsi, genişmiqyaslı daxili parçalanma müşahidə olunmur. Yəni hakimiyyət institutları ilə silahlı qüvvələr, xüsusən də SEPAH arasında müəyyən problemlər yaşansa da, dövlət strukturları, təhlükəsizlik sistemi və inzibati idarəetmə mexanizmləri fəaliyyətini davam etdirir. Bu isə əhalinin böyük hissəsinin ölkəni tərk etmək qərarı verməsinə mane olan əsas amillərdən biridir.

Daha bir faktor İran cəmiyyətinin özünəməxsus xüsusiyyətləri ilə bağlıdır. İran əhalisi uzun illərdir sanksiyalar, regional gərginliklər və müxtəlif böhran şəraitində yaşamağa uyğunlaşıb. Cəmiyyətdə böhranlara qarşı müəyyən dözümlülük formalaşıb. İnsanların bir hissəsi təhlükəsizlik risklərinə baxmayaraq, ölkəni tərk etməkdənsə, mövcud şəraitə uyğunlaşmağa üstünlük verir.

İran böyük əraziyə malik ölkədir və hərbi zərbələr bütün əhaliyə eyni səviyyədə təsir etmir. İnsanlar ilk mərhələdə xaricə köçmək əvəzinə ölkədə daha təhlükəsiz bölgələrə üz tuta bilirlər”.

WhatsApp Image 2025 11 20 at 11.15.40

Politoloq bildirib ki, digər mühüm səbəb isə region ölkələrinin mümkün qaçqın axınına münasibətidir:

“Əvvəlki regional böhranlardan fərqli olaraq, İranla həmsərhəd dövlətlərin heç biri böyük miqyaslı və nəzarətsiz miqrasiya prosesinə hazır olduğunu nümayiş etdirmir. Sərhəd rejimləri, təhlükəsizlik tədbirləri və siyasi məhdudiyyətlər kütləvi hərəkətin qarşısını alan faktorlardandır. Eyni zamanda, İran vətəndaşlarının böyük hissəsi üçün region ölkələrində uzunmüddətli yerləşmə imkanları məhduddur. Lakin qaçqın axınının olmaması münaqişənin humanitar təsirlərinin olmadığı anlamına da gəlmir. Əhali arasında təhlükəsizlik narahatlığı, iqtisadi çətinliklər, infrastruktur problemləri və psixoloji gərginliyin hökm sürdüyü sirr deyil. Sadəcə olaraq, bu təsirlər hələlik kütləvi beynəlxalq miqrasiya formasında özünü göstərmir. Vəziyyətin uzunmüddətli inkişafı hələ də qeyri-müəyyəndir. Əgər hərbi əməliyyatlar genişlənər, iqtisadi infrastruktur daha ciddi zərər görər və ya daxili siyasi sabitlik zəifləyərsə, hazırda müşahidə olunmayan miqrasiya təzyiqi sonradan ortaya çıxa bilər. Buna görə də İranla bağlı humanitar risklər tam aradan qalxmış hesab edilmir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: