Yay mövsümünün əvəzolunmaz giləmeyvələri olan qarpız və yemiş bu il qiyməti ilə alıcıları təəccübləndirir. Ötən illə müqayisədə sözügedən məhsullar bazarlarda daha baha satılır. Hazırda yemişin qiyməti 1,50-1,80 manat, qarpız isə 70 qəpikdən 1 manata qədər dəyişir.
Bəs mövsümün qızğın vaxtında qiymətlərin yüksək olmasının səbəbi nədir? Bahalaşmaya hansı amillər təsir edir?
Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bu il kənd təsərrüfatı məhsullarının bahalaşmasının bir neçə səbəbi var:
“Səbəblərdən biri hava şəraitinin bu il çox qeyri-sabit keçməsi və bunun məhsuldarlığa ciddi təsir göstərməsidir. Məhsuldarlığın azalması isə qiymətlərin artmasına təsir edən əsas amillərdən birinə çevrilib. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinin əsas prioritetlərindən biri kənd təsərrüfatı məhsullarının ixracıdır. Yəni ölkəyə valyuta gətirilməsi baxımından ixraca önəm verilir və təşviq olunur. İxrac nə qədər çox artırsa, daxili bazarda bir o qədər az məhsul qalır. Bu da qiymətləri artırır”.
Natiq Cəfərli
İqtisadçının sözlərinə görə, üçüncü səbəb isə istehsalçıların öz xərclərinin artmasıdır:
“İstər qarpız və yemiş istehsalçısı, istər meyvə-tərəvəz istehsalçısı, istərsə də digər fermerlər olsun, onlar da istehlakçıdırlar. Əgər yağın, ətin, qeyri-ərzaq məhsullarının və digərlərinin qiyməti artırsa, ilin əvvəlindən kommunal xidmətlərin tariflərində də dəyişiklik baş verirsə, fermerlər niyə öz məhsullarının qiymətini artırmasınlar? Yəni istehsalçılar da xərclərinin artdığını nəzərə alaraq, yetişdirdikləri və satdıqları məhsulları daha baha qiymətə satmağa ən azı cəhd göstərirlər”.
Zaira Akifqızı
Globalinfo.az