İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” prosesi mərhələli şəkildə davam edir. Dövlət proqramı çərçivəsində bərpa və yenidənqurma işlərinin aparıldığı yaşayış məntəqələrinə növbəti köç karvanlarının təşkili, infrastruktur layihələrinin icrası və daimi məskunlaşmanın genişləndirilməsi istiqamətində tədbirlər sürətlə davam etdirilir.
“Böyük Qayıdış” proqramının əsas məqsədi keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdışını təmin etmək, eyni zamanda azad edilmiş ərazilərdə dayanıqlı yaşayış və iqtisadi fəaliyyət üçün müasir şəhər və kənd mühiti formalaşdırmaqdır.
Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi Azərbaycan xalqının uzun illər həsrətlə gözlədiyi ən böyük arzularından biri idi:
“Bu tarixi Zəfər təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil, həm də xalqımızın milli qürurunun, ləyaqətinin və tarixi ədalətə inamının bərpası oldu. Qarabağın azad edilməsi Azərbaycanın siyasi iradəsini, güclü dövlətçilik ənənələrini və xalqımızın sarsılmaz birliyini bütün dünyaya nümayiş etdirdi.
Müasir dövrdə hər hansı dövlətin öz ərazi bütövlüyünü bərpa etməsi asan məsələ deyil. Dünyada gedən mürəkkəb siyasi proseslər, müxtəlif maraqların toqquşması və geosiyasi oyunlar fonunda Azərbaycanın əldə etdiyi Zəfər xüsusi tarixi əhəmiyyət daşıyır.
2020-ci ildən etibarən işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq və yenidənqurma işləri həyata keçirilir. Bu məqsədlə dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılıb. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın iqtisadi gücünü, dövlət iradəsini və gələcəyə hesablanmış inkişaf strategiyasını nümayiş etdirir.
Ən sevindirici məqamlardan biri isə illərlə doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıtmasıdır. Məcburi köçkünlərin böyük sevinc və məmnuniyyət hissi ilə doğulduqları yerlərə dönməsi göstərir ki, zaman nə qədər uzun olsa da, insanın Vətən sevgisini və doğma yurda bağlılığını heç nə əvəz edə bilməz. Bu qayıdış həm də tarixi ədalətin bərpasının canlı təzahürüdür”.

Mütəllim Rəhimli
Siyasi şərhçi bildirib ki, işğaldan azad edilmiş ərazilər artıq Azərbaycanın müxtəlif bölgələrindən olan insanların da ziyarət etdiyi məkana çevrilib:
“Ölkəmizin müxtəlif guşələrinin sakinləri bu torpaqlara səfər edir, burada qazanılan Zəfərin əhəmiyyətini daha dərindən hiss edirlər. Həmin ərazilərə ayaq basan hər bir insan şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edir, qazilərimizin qəhrəmanlığını minnətdarlıq hissi ilə xatırlayır.
Bu gün azad edilmiş ərazilərdə yeni şəhərlər, qəsəbələr və kəndlər salınır. Həyata keçirilən layihələr müasir şəhərsalma prinsiplərinə, ekoloji tələblərə və yeni texnologiyalara əsaslanır. Xüsusilə “ağıllı kənd” layihələri Azərbaycanın regionda və dünyada yeni şəhərsalma modelini təqdim etdiyini göstərir. Bu ərazilərə səfər edən xarici dövlət nümayəndələri və qonaqlar da həyata keçirilən işlərlə tanış olur, Azərbaycanın quruculuq təcrübəsini yüksək qiymətləndirirlər.
Azərbaycanın qarşısında böyük imkanlar var. İşğaldan azad edilmiş ərazilər yalnız yaşayış məkanlarının bərpası üçün deyil, həm də iqtisadi inkişaf, turizm, kənd təsərrüfatı və yeni istehsal sahələrinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır. Əlbəttə, məskunlaşma prosesi ilə yanaşı, insanların davamlı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin yaradılması əsas vəzifələrdən biridir”.
Siyasi şərhçi qeyd edib ki, Böyük Qayıdış prosesi böyük məsuliyyət və diqqət tələb edir:
“Təhlükəsizlik məsələsi bu prosesin ən vacib şərtlərindən biridir. Ermənistan tərəfindən işğal dövründə ərazilərimizin minalanması bu gün də ciddi problemlər yaradır. Müharibənin bitməsindən altı ilə yaxın vaxt keçməsinə baxmayaraq, təəssüf ki, minalanmış ərazilərin xəritələrinin tam şəkildə təqdim edilməməsi minatəmizləmə prosesini çətinləşdirir. Buna görə də insanların həyat və sağlamlığının qorunması naminə prosesin mərhələli və ehtiyatlı şəkildə aparılması vacibdir. Çünki insan həyatı hər şeydən qiymətlidir və heç bir tələsik qərar insanların təhlükəsizliyini risk altına atmamalıdır.
Bu gün Şuşa, Cəbrayıl, Füzuli, Ağdam, Laçın və digər rayonlarda aparılan quruculuq işləri göz oxşayır. Müasir memarlıq üslubunda inşa edilən binalar, yaradılan infrastruktur həmin ərazilərin gələcək inkişafına böyük töhfə verir. Bu layihələr Azərbaycanın yalnız keçmişi bərpa etmədiyini, həm də gələcəyin şəhər və kəndlərini qurduğunu göstərir.
Böyük Qayıdış sadəcə insanların öz doğma yurdlarına qayıtması deyil. Bu, eyni zamanda yeni həyatın, yeni iqtisadi imkanların və yeni inkişaf mərhələsinin başlanğıcıdır. Bəzən bu prosesin gözləniləndən daha uzun vaxt aparması təbii qarşılanmalıdır. Çünki əsas məqsəd insanların təhlükəsiz, rahat, firavan və sosial təminatlı həyat şəraitinin yaradılmasını təmin etməkdir”.
QEYD: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Mövzu: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”.
Turan Rzayev
Globalinfo.az