Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın neft emalı zavodlarına (NEZ) və digər strateji obyektlərinə pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi ardıcıl zərbələr Rusiya Prezidenti Vladimir Putinin narazılığına səbəb olub. “Reuters” agentliyinin anonim mənbələrə istinadən yaydığı məlumata görə, Putin Ukraynaya daha sərt cavab verilməsi tərəfdarıdır. O, müharibənin daha da genişlənməsinə hazırlaşır. Mənbələrdən biri hesab edir ki, eskalasiya artıq yaxın aylarda baş verəcək. Bunun hansı formada olacağı isə açıqlanmır.
Putinin planı nədir?
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, Putinin narahat olması təbiidir:
“Çünki Rusiyanın enerji infrastrukturu və hərbi-sənaye obyektlərinə qarşı Ukraynanın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi ardıcıl hücumlar müharibənin xarakterini nəzərəçarpacaq dərəcədə dəyişib. Belə ki, münaqişənin əvvəlki dövrlərindən fərqli olaraq, indi Ukrayna Rusiyanın dərin arxa cəbhəsində yerləşən strateji obyektləri hədəfə almaqla Moskvanın iqtisadi və logistik imkanlarını zəiflətməyə nail olub. Bu səbəbdən Putinin daha sərt cavab variantlarını nəzərdən keçirməsi ehtimalı kifayət qədər yüksəkdir”.
Politoloq bildirib ki, Rusiya liderinin əsas məqsədi Ukraynanın uzaqmənzilli zərbə imkanlarını məhdudlaşdırmaq və belə hücumların qiymətini Kiyev üçün artırmaq ola bilər:
“Bu isə bir neçə istiqamətdə özünü göstərər. Birincisi, Ukraynanın enerji infrastrukturu, hərbi istehsal müəssisələri, logistika mərkəzləri, hava hücumundan müdafiə sistemlərinə qarşı daha intensiv raket və pilotsuz uçuş aparatları ilə zərbələrin endirilməsidir. Rusiya indiyədək də bu taktikanı tətbiq edib, lakin cavab tədbirləri daha genişmiqyaslı və uzunmüddətli kampaniya xarakteri ala bilər.
İkinci ehtimal cəbhə xəttində hücum əməliyyatlarının genişləndirilməsidir. Rusiya son aylarda canlı qüvvə və hərbi texnika baxımından üstünlüyünü qorumağa çalışır. Kreml hesab edə bilər ki, paralel olaraq həm dərin arxa cəbhəyə zərbələr endirmək, həm də cəbhədə təzyiqi artırmaq Ukraynanın resurslarını parçalayacaq və müdafiəsini çətinləşdirəcək. Bunun üçün Donetsk, Xarkov və ya Zaporojye istiqamətlərində əməliyyatların intensivləşdirilməsi istisna deyil.
Digər istiqamət isə hibrid müharibə elementlərinin gücləndirilməsi ola bilər. Buraya kiberhücumlar, elektron mübarizə vasitələrinin geniş tətbiqi, nəqliyyat və rabitə sistemlərinin hədəfə alınması, eləcə də informasiya müharibəsinin intensivləşdirilməsi daxildir. Moskva anlayır ki, yalnız klassik hərbi vasitələrlə deyil, çoxşaxəli təzyiq mexanizmləri ilə də Ukraynanın dayanıqlığını zəiflətməyə çalışmaq daha effektiv nəticə verə bilər”.
Yusif Bağırzadə
Ekspertin sözlərinə görə, prinsipcə Rusiya artıq Ukrayna cəbhəsində bütün taktikaları sınaqdan çıxarıb və böyük ölçüdə yeni nəsə edəcəyi inandırıcı deyil:
“Sadəcə indiyə qədər endirilən zərbələrin daha da intensivləşməsi ola bilər. O baxımdan “Putin müharibənin daha da genişlənməsinə hazırlaşır” fikrini də ehtiyatla qiymətləndirmək lazımdır. Belə məlumatlar anonim mənbələrə əsaslandıqda onların tam dəqiqliyini təsdiqləmək mümkün olmur. Mövcud hərbi dinamika göstərir ki, qarşılıqlı zərbələrin intensivliyi artdıqca eskalasiyanın dərinləşməsi riski də yüksəlir. Ümumilikdə isə yaxın aylarda Rusiyanın cavab addımlarının daha sərt xarakter alması mümkündür. Lakin bu, müharibənin tamamilə fərqli mərhələyə keçməsi anlamına gəlmir”.
Ləman İmran
Globalinfo.az