Beyləqanda şəkər çuğunduru becərən yüzlərlə fermer bu il gözlədiyi məhsulu əldə edə bilmədiyini deyir. Onların sözlərinə görə, normalda hektardan 40-90 ton məhsul götürmək mümkün olduğu halda, bəzi sahələrdə məhsuldarlıq cəmi 10-15 ton olub.
Fermerlər iddia edirlər ki, bitkilər şəkər çuğunduruna xas olmayan formada inkişaf edib və nəticədə ciddi maddi zərərlə üzləşiblər. Maraqlıdır ki, oxşar narazılıqlar bu və ya digər formada digər rayonlarda da səsləndirilir.
Bəs belə halların arxasında hansı səbəblər dayanır? Həqiqəti müəyyən etmək üçün hansı araşdırmalar aparılmalıdır?
Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Həzi Eynalov bildirib ki, yaranmış vəziyyətə səbəb ola biləcək bir sıra ehtimallar mövcuddur:
“Bunlara toxum problemi – genetik pozulma, digər genotiplərlə qarışma və ya keyfiyyət uyğunsuzluğu aid edilə bilər. Eyni zamanda iqlim və temperatur amilləri də əsas rol oynayır. Kəskin soyuq və ya yüksək istilər, eləcə də quraqlıq kimi faktorları qeyd etmək olar. İqlim və genetik şərtlərdən asılı olaraq erkən gövdələmə (erkən çiçək saplağının əmələ gəlməsi) də baş verə bilər. Suvarmanın qaydalara uyğun aparılmaması isə kök inkişafının zəifləməsinə gətirib çıxarır”.
Həzi Eynalov
H.Eynalov əlavə edib ki, qeyri-bərabər qidalanma da prosesə təsir edən amillərdən biridir:
“Məsələn, azotun normadan artıq verilməsi bu hallara səbəb ola bilər. Bundan başqa, bəzi göbələk və virus xəstəlikləri də nəzərə alınmalıdır. Araşdırma aparılması vacibdir. Genetik ekspertiza mütləq həyata keçirilməli, toxumun mənşəyi, sertifikatı və cücərmə faizi dəqiqləşdirilməlidir. Torpaq və su analizi aparılmalı, tərkibindəki mineral maddələr – azot, kalium və mikroelementlər müəyyən edilməlidir. Aqrotexniki qaydalara əməl olunub-olunmadığı yoxlanılmalı, meteoroloji məlumatlar, xüsusilə vegetasiya dövrü üzrə təhlil edilməlidir. Eyni toxumdan istifadə olunan rayonlarda isə müqayisəli sahə araşdırmaları aparılmalıdır”.
Zaira Akifqızı
Globalinfo.az