baki eas yeni

Xəbər verdiyimiz kimi, iyunun 29-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda ölkədə rəqəmsallaşma sahəsində aparılan islahatlar, “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası, eləcə də süni intellekt, elektron xidmətlərin genişləndirilməsi və kibertəhlükəsizlik istiqamətində görülən işlər müzakirə olunub.

Globalinfo.az-a danışan deputat Rövşən Muradov deyib ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası ölkəmizin idarəetmə sistemində yeni texnoloji mərhələnin başlandığını göstərən mühüm siyasi-iqtisadi hadisədir:

“Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən bu toplantı rəqəmsal transformasiyanın dövlət siyasətində sistemli, koordinasiyalı və strateji mahiyyət qazandığını nümayiş etdirir. İclasın əsas məzmunu ondan ibarətdir ki, Azərbaycan dövləti texnologiyanı xidmətlərin elektronlaşdırılması çərçivəsini aşan, idarəetmənin keyfiyyətini yüksəldən, iqtisadiyyatın rəqabət qabiliyyətini artıran və milli təhlükəsizliyi möhkəmləndirən intellektual resurs kimi dəyərləndirir. Rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik istiqamətlərinin vahid strateji xətt üzrə birləşdirilməsi dövlət idarəçiliyində çeviklik və yeni düşüncə mədəniyyəti formalaşdırır”.

Deputat qeyd edib ki, prosesin mərkəzində vətəndaş amili dayanır:

“mygov” və “mygov Biznes” platformalarının vahid ekosistem kimi inkişaf etdirilməsi xidmətlərin pərakəndəliyini aradan qaldırır, inzibati yükü azaldır, şəffaflığı artırır və vətəndaş-məmur təmasını minimum səviyyəyə endirir. Proaktiv xidmət modeli isə dövlətin vətəndaş ehtiyacını əvvəlcədən müəyyən edərək xidməti vaxtında təqdim etməsinə imkan yaradır. Siyasi iqtisadiyyat baxımından bu xətt Azərbaycanın gələcək inkişafına hesablanmış strateji sərmayədir.

rovsen muradov deputat
Rövşən Muradov

İnnovasiya ekosisteminin gücləndirilməsi, startapların dəstəklənməsi və texnologiya şirkətləri üçün stimulların yaradılması ölkə iqtisadiyyatını bilik, məlumat və intellektual kapital üzərində daha dayanıqlı əsaslara çıxarır, milli iqtisadiyyatın məhsuldarlıq imkanlarını genişləndirir”.

R.Muradovun sözlərinə görə, süni intellekt və kibertəhlükəsizlik prioritetləri rəqəmsal suverenliyin dövlət təhlükəsizliyi ilə birbaşa bağlı olduğunu təsdiqləyir:

“XXI əsrdə güclü dövlət fiziki sərhədlərini qorumaqla yanaşı, məlumatlarını, rəqəmsal infrastrukturunu və texnoloji qərarvermə imkanlarını da etibarlı şəkildə müdafiə edir. Bu iclas Azərbaycan dövlətçiliyinin müasir texnoloji dayaqlarını gücləndirən, idarəetməni daha çevik, iqtisadi siyasəti daha intellektual və milli inkişaf xəttini strateji baxımdan daha hazırlıqlı edən mühüm mərhələ kimi tarixə yazılır, eyni zamanda gələcək qlobal rəqabət mühitində Azərbaycanın mövqeyini daha da möhkəmləndirir”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: