fazil mustafa 900x563 1

“Qumarla əlaqəli fəaliyyət sahələri gəlirli ola bilər. Ancaq hər gəlir gətirən fəaliyyət cəmiyyət və insan sağlamlığı baxımından faydalı olmur. Əksinə, bəzi sahələr mənəvi və sosial təhlükələr yarada bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputat qeyd edib ki, həmin istiqamətlərə investisiyaların və məşğulluğun müəyyən çərçivədə tənzimlənməsi dövlət siyasətinin mühüm tərkib hissəsi olmalıdır:

“Bu yanaşma yalnız qumar sahəsinə aid olmamalıdır. Məsələn, biz tez-tez idman yarışlarında sağlam həyat tərzinin təbliği ilə bağlı materiallarda, enerji içkilərinin reklamlarını görürük. Halbuki enerji içkilərinin təbliği idmanın və sağlam həyat tərzinin mahiyyətinə ziddir. Qısamüddətli kommersiya maraqları naminə sağlam həyat tərzinin təşviqinə xələl gətirmək düzgün yanaşma deyil.

Eyni zamanda, son dövrlərdə xüsusilə yeniyetmələr və gənclər arasında baş verən bəzi intihar hallarında qumar asılılığının da müəyyən rolu olduğu barədə narahatedici məlumatlar mövcuddur. Qumar oyunlarına aludə olan şəxslərin, xüsusilə gənclərin böyük məbləğdə borca düşməsi onların psixoloji vəziyyətinə ciddi təsir göstərir və ağır sosial nəticələrə səbəb olur”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: