Almaniya

Almaniya Bundestaqının Müdafiə Komitəsinin sədri Tomas Rövekamp ölkədə məcburi hərbi xidmətin yenidən tətbiq olunması ehtimalını nəzərdən keçirdiklərini bildirib.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Bundesverə hazırkı vəziyyətlə müqayisədə müqaviləli və peşəkar hərbi qulluqçuların sayı təxminən 50 faiz, yeni çağırışçıların sayı isə üç dəfədən çox artırılmalıdır.

Rövekamp qeyd edib ki, bu hədəfə könüllü xidmət modeli ilə nail olub-olmayacaqları gələn il yəqinləşəcək. O bildirib ki, əgər könüllülərin sayı kifayət etməsə, Almaniya məcburi hərbi xidmətin bərpası məsələsini nəzərdən keçirəcək.

Eyni zamanda, Bundesver yeni hərbi uçot sistemi ilə yanaşı, ənənəvi işəqəbul üsullarından da yararlanmağa davam edir. Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, 2026-cı ilin ötən dövrü ərzində hərbi xidmət üçün təxminən 38500 müraciət daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur.

Faktiki olaraq hərbi xidmətə qəbul olunanların sayı isə 13 faiz artaraq təxminən 11 min nəfərə çatıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: