İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş alınmasını nəzərdə tutan yeni təşəbbüslə çıxış edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Məlumata görə, Tehran bu ödənişləri gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi, dəniz nəqliyyatının mühafizəsi və ətraf mühitin qorunması xidmətlərinin haqqı kimi rəsmiləşdirməyi təklif edir.
İran tərəfinin hesablamalarına əsasən, yeni mexanizm hər il təxminən 40 milyard dollar gəlir gətirə bilər. Rəsmi Tehran əldə ediləcək vəsaitin sazişə qoşulan dövlətlər arasında bölüşdürüləcəyini bildirir. İran bu təşəbbüsü həm yeni maliyyə mənbəyi, həm də dünyanın ən mühüm neft ixrac marşrutlarından biri üzərində təsir imkanlarını artıracaq vasitə kimi qiymətləndirir.
Bildirilir ki, İran artıq bu ideyanı Fars körfəzi ölkələri və Çinlə müzakirə edir, onların dəstəyini qazanmağa çalışır. Tehran qonşu dövlətləri ödəniş mexanizminin birgə idarə edilməsinə cəlb etməyi planlaşdırır.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, son hadisələrdən sonra Hörmüz boğazının idarə olunması əvvəlki modelə qayıtmayacaq. O, bu açıqlamanı Omanda səfərdə olarkən, gələcək sazişin mümkün parametrlərinin müzakirəsi zamanı verib.
ABŞ isə İranın təşəbbüsünü kəskin tənqid edib. ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, heç bir dövlət beynəlxalq su yollarından istifadəyə görə ödəniş tələb etmək hüququna malik deyil. Onun sözlərinə görə, belə bir mexanizmin yaradılması qlobal ticarət üçün təhlükəli presedent yarada bilər.
Marko Rubio əlavə edib ki, Fars körfəzi ölkələri Tehranın təklifini dəstəkləməyib və Hörmüz boğazından keçidə görə hər hansı ödənişin tətbiqinə qarşı çıxıblar.
Qeyd edək ki, dünya neft ticarətinin mühüm hissəsinin həyata keçirildiyi Hörmüz boğazı strateji əhəmiyyətə malik dəniz marşrutlarından biri hesab olunur.
Əliyar Xəlil