Xəbər verdiyimiz kimi, Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində dənizdə 4 nəfər batıb. Onlardan üçünün – 1991-ci il təvəllüdlü Namiq Əzimovun, 2005-ci il təvəllüdlü Elnur Əbdülovun və 2007-ci il təvəllüdlü Elmar Əbdülovun meyitləri tapılıb. Dördüncü şəxs – 2003-cü il təvəllüdlü Pərviz Məcidovun axtarışları isə davam etdirilir. Məlumata görə, boğulan şəxslər qohum olublar, onlardan ikisi qardaşdır.
Bəs suda boğulma hallarının qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza deyib ki, yay mövsümündə çimərliklərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi zəruridir:
“Dəfələrlə vurğulamışıq ki, yayda çimərliklərdə aidiyyəti qurumlar tərəfindən mütəmadi nəzarət həyata keçirilməlidir. Bu, ilk növbədə insanların təhlükəsizliyinin təmin olunması baxımından vacibdir. Eyni zamanda, çimərlik ərazilərində ciddi nəzarət sistemi qurulmalı, təhlükəli zonalar xüsusi xəbərdaredici nişanlar və ya baryerlərlə ayrılmalıdır”.
Ekspertin sözlərinə görə, xilasedici xidmətlərin fəaliyyəti də gücləndirilməli, aidiyyəti qurumlar arasında operativ koordinasiya təmin edilməlidir:
“Bu istiqamətdə zəruri tədbirlər görülərsə, çimərliklərdə baş verən bədbəxt hadisələrin sayını əhəmiyyətli dərəcədə azaltmaq mümkün olacaq”.
Zaira Akifqızı
Globalinfo.az