1bf0c8b3 c9c6 4be2 9a7a bc76f02635d5

Martın 18-də Mədəniyyət Nazirliyinin dəstəyi, Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə Qobustan qoruğunda Novruz şənliyi təşkil edilib.

Globalinfo.az xəbər verir ki, Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxış edərək xalqımızın milli-mənəvi dəyərlərindən, adət-ənənələrindən söz açıb.

O bildirib ki, hər bir xalqın milli adət-ənənələri olduğu kimi, Novruz bayramı da Azərbaycanın qədim adət-ənənələrini tərənnüm edən bayramlardandır:

“Qobustan qoruğunda Novruz şənliyinin qeyd olunması artıq ənənə halını alıb. Bizim burada Novruz şənliyini keçirməyimizdə əsas məqsədimiz qoruğumuza gələn ziyarətçilər arasında yerli və əcnəbi qonaqlara Novruz adət-ənənələrini, atributlarını və Azərbaycanın zəngin mətbəxini nümayiş etdirməkdir”- deyə qeyd edib.

Hamını Novruz bayramı münasibətilə təbrik edən qoruğun direktoru bayram şənliyini açıq elan edib.

Tədbir meydanında qurulan çadırlarda Azərbaycanın zəngin mətbəxini, xalqımızın etnoqrafiyasını əks etdirən nümunələr və bayram atributları nümayiş olunub. Ozan baba və Bahar qızın gətirdiyi məşəllə dəvətlilərin iştirakı ilə bayram tonqalı yandırılıb.

Aktyorların ifasında səhnəciklər, pəhləvan və kəndirbazların çıxışları, uşaqlar üçün kəndirdartma oyunları, musiqiçilərin təqdimatında konsert proqramı iştirakçılara xoş bayram ovqatı bəxş edib.

Tədbirdə, həmçinin əl işlərindən ibarət sərgi açılıb və satış yarmarkası təşkil olunub.

 

f9a6c76e 0976 4ec5 b2b2 9ee12df98df8 862bc043 cef5 42fd b4f6 fbee0473862a

Paylaş: