ABŞ Prezidenti Donald Trump İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətləri barədə maraqlı açıqlama verib.
Globalinfo.az xəbər verir ki, Tramp “Axios” portalına müsahibəsində Netanyahu ilə əlaqələrinin yaxşı olduğunu desə də, bəzən onun “sağlam düşüncədə qalması” üçün müəyyən addımlar atmalı olduğunu bildirib.
“Aramızda yaxşı münasibətlər var, amma onu bir az sağlam düşüncədə saxlamaq lazımdır”, – deyə ABŞ lideri qeyd edib.
Məlumata görə, Tramp daha əvvəl də Netanyahu haqqında sərt fikirlər səsləndirib. O, həm şəxsi söhbətlərdə, həm də müsahibələrində İsrail baş nazirinin siyasətindən narazılığını ifadə edib.
ABŞ prezidentinin narazılığı əsasən İsrailin Livanda “Hizbullah”a qarşı hərbi əməliyyatları genişləndirməsinin Vaşinqtonun İranla mümkün razılaşma əldə etmək cəhdlərinə mənfi təsir göstərəcəyi ilə bağlı olub.
Tramp hesab edir ki, regionda hərbi gərginliyin artması ABŞ-ın Yaxın Şərq siyasətində prioritet sayılan diplomatik təşəbbüsləri çətinləşdirə bilər.
Əliyar Xəlil