baki99 900x567 2

1993-cü ildə Azərbaycan müstəqillik tarixinin ən mürəkkəb böhranı ilə üz-üzə qalmışdı. Ölkədə siyasi gərginliyin artması, hakimiyyət böhranı və idarəetmədə yaranan xaos dövlətçiliyin gələcəyini sual altına salırdı. Həmin çətin dövrdə Heydər Əliyevin Bakıya dönüşü vəziyyətin sabitləşdirilməsi istiqamətində mühüm addım oldu.

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, müstəqilliyin ilk illərində Azərbaycanda ciddi dövlətçilik böhranı yaşanırdı:

“Ölkədə formal hakimiyyət mövcud olsa da, dövlət sərhədlərinin qorunması, siyasi sabitliyin təmin edilməsi və idarəetmənin effektiv həyata keçirilməsi mümkün deyildi. Bu vəziyyət ölkənin gələcəyini təhlükə altına salmışdı və dəyişiklik zərurəti yaranmışdı. Həmin dövrdə Azərbaycan xalqı ölkəni böhrandan çıxara biləcək yeganə siyasi lider kimi Heydər Əliyevi görürdü. Çünki o, sovet dövründə respublikaya rəhbərlik etdiyi illərdə milli özünüdərkin güclənməsinə, Azərbaycan dilinin dövlət dili statusu qazanmasına, iqtisadi və sənaye inkişafına mühüm töhfələr vermişdi. Xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı baş tutdu və 15 İyun Milli Qurtuluş Günü kimi tarixə düşdü”.

hikmet babaoglu 900x533 1

Hikmət Babaoğlu

Deputat bildirib ki, əslində bu tarix Azərbaycanın sonrakı uğurlarının da başlanğıcı oldu:

“Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi, iqtisadi inkişafın əsası qoyuldu, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı, ilk milli Konstitusiya qəbul edildi. Bu siyasət sonrakı illərdə Azərbaycanın davamlı inkişafını təmin etdi.

2020-ci ildə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfər həmin strateji kursun nəticəsidir. Beləliklə, Azərbaycan torpaqlarını işğaldan azad etdi və qalib dövlətə çevrildi. Bu baxımdan, Milli Qurtuluş Gününün siyasi və tarixi əhəmiyyətinin yaşadılması, onun fəlsəfəsinin gənc nəslə çatdırılması böyük önəm daşıyır. Bu dəyərlərin qorunması dövlətimizin gələcək inkişafı və güclənməsi üçün vacibdir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: