Ruslan beyler eyyubov 11

Azərbaycanda rezonans doğuran cinayət işləri üzrə həbs edilən bəzi şəxslərin sonradan ev dustaqlığına buraxılması tez-tez müzakirələrə səbəb olur. Son olaraq 5 milyon manatlıq siqaret qaçaqmalçılığı işi üzrə həbs olunan iş adamı Ruslan Eyyubovun səhhətindəki problemlər nəzərə alınaraq ev dustaqlığına buraxılması bu məsələni yenidən gündəmə gətirib.

Qanunvericiliyə əsasən hansı hallarda həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilə bilər?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlının sözlərinə görə, həbs qətimkan tədbirinin seçilməsi üçün qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulub:

“Bununla yanaşı, həbs qətimkan tədbirinin tətbiqinin məhdudlaşdırılması ilə bağlı dövlət başçısının müvafiq sərəncamı da mövcuddur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq müddəalarına əsasən, şəxs barəsində həbs qətimkan tədbiri onun istintaqdan və ya məhkəmədən gizlənməsi, cinayət prosesinə mane olması, şahidlərə və digər iştirakçılara təzyiq göstərməsi, yeni cinayət törətməsi və ya digər qanunla müəyyən edilmiş əsaslar mövcud olduqda seçilə bilər”.

mehman

Vəkil bildirib ki, ev dustaqlığı da qanunvericilikdə nəzərdə tutulmuş qətimkan tədbirlərindən biridir:

“Qanun həbs qətimkan tədbirinin daha yüngül qətimkan tədbiri ilə, o cümlədən ev dustaqlığı ilə əvəz edilməsinə imkan verir. Buna görə də işin halları və şəxsin davranışı nəzərə alınmaqla, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi mümkündür. Bu baxımdan qanunvericilik belə bir qərarın qəbul edilməsinə hüquqi əsas yaradır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: