İran ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi – Hədəf İsraildir, yoxsa Azərbaycan?

İran ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib. Hazırlığın məqsədi və kimə qarşı olduğu isə hələlik açıqlanmayıb. Bununla belə, məlum hazırlığın İsrail və Azərbaycana gözdağı ola biləcəyi də ehtimal edilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Vüqar Zifəroğlu deyib ki, mövcud İran-İsrail və İran-Azərbaycan münasibətlərinin gərgin olması cənub qonşumuzun ordusunun bu ölkələrə qarşı döyüş hazırlığına gətirildiyi ehtimalını yaradır:

“Prinsip etibarilə Tehrandakı səfirliyimizə edilən silahlı hücum və bir neçə gün öncə Azərbaycan sərhədi boyunca İran təyyarəsinin uçuş həyata keçirməsi iki ölkə arasındakı gərginliyi pik həddə çatdırıb. Bu vəziyyətdə İran tərəfindən atılan istənilən addımın əleyhimizə olması təəssüratı yaranır.

Vüqar Zifəroğlu

Lakin düşünmürəm ki, İran ordusunun döyüş hazırlığına gətirilməsi Azərbaycana ya da İsrailə qarşı olsun. Belə ki, hazırda İranda etiraz aksiyaları davam edir. Novruz bayramı ilə əlaqədar etirazçılar Cənubi Azərbaycanda daha yaxşı təşkilatlanıb və aksiyalarda iştirakla bağlı bildirişlər paylanıb.

İran hakimiyyəti həm ehtimal gərginliyin qarşısını almaq, həm də etiraz aksiyaçılarına gözdağı vermək üçün bu cür tədbir görür”.

Turan Rzayev
Globalinfo.az