Rumıniya Müdafiə Nazirliyi Rusiyaya məxsus PUA-nın ölkənin hava məkanına daxil olaraq çoxmərtəbəli yaşayış binasına çırpıldığını açıqlayıb.
Məlumata görə, gecə saatlarında Ukrayna ilə sərhəd yaxınlığındakı Qalaç bələdiyyəsinin Ştireks-Mazepa ərazisindəki binanın damına PUA düşüb. Məsələyə görə Rumıniya Prezidenti Müdafiə Şurasının təcili iclasını çağırıb. Həmçinin Rusiya səfiri Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb.
XİN yaranmış vəziyyətlə bağlı NATO müttəfiqləri və alyansın baş katibinə məlumat verildiyini bildirib. Rəsmi Buxarest PUA-lara qarşı mübarizə vasitələrinin Rumıniyaya ötürülməsi prosesinin sürətləndirilməsi üçün NATO-dan əlavə tədbirlər görülməsini xahiş edib.
Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı deyib ki, hazırda dünyada gedən müharibələrin daha genişmiqyaslı xarakter alması, əhatə dairəsinin böyüməsi üçün çalışan qüvvələr mövcuddur:
“Həm Ukrayna, həm də İran ətrafında baş verən müharibələrdə biz bunun şahidi olduq. Müharibələrin daha böyük qarşıdurmaya çevrilməsində maraqlı olan dairələr daim aktiv fəaliyyət göstərirlər.
Ukrayna müharibəsinin başladığı dörd ildən artıq müddətdə dəfələrlə Rusiyaya qarşı əlavə qüvvələrin cəlb olunması, neytral mövqedə qalan ölkələrin prosesə daxil edilməsi və hətta NATO ölkələrinin birbaşa hərbi əməliyyatlara qoşulması istiqamətində müxtəlif cəhdlər edildi, gizli fəaliyyət aparıldı. Lakin indiyə qədər görünən odur ki, NATO Rusiyayla açıq və birbaşa müharibəyə girməkdə ya maraqlı deyil, ya bundan çəkinir, ya da bunun nəticələrinin çox ağır olacağını anlayır.
Çünki Alyans daxilində də yaxşı başa düşürlər ki, Rusiya ilə birbaşa savaş NATO-da ciddi fikir ayrılıqlarına və parçalanmalara səbəb ola bilər. Bundan başqa, belə bir qarşıdurmanın hansı nəticə ilə yekunlaşacağı da hələ tam aydın deyil. Bu da Qərb daxilində ehtiyatlı yanaşmanı gücləndirir.

Cavanşir Abbaslı
Digər tərəfdən, NATO daxilində Ukraynaya qeyd-şərtsiz və tammiqyaslı dəstək vermək istəməyən ölkələrin mövcudluğu da sirr deyil. Bəzi Avropa dövlətləri zaman-zaman müharibənin uzanmasının əleyhinə çıxış ediblər və diplomatik həll variantlarının vacibliyini vurğulayıblar. ABŞ-da Prezident Donald Trampın hakimiyyətə qayıdışından sonra Vaşinqtonun Ukrayna məsələsində əvvəlki qədər sərt və fəal mövqe nümayiş etdirmədiyi də açıq görünür. Bu isə NATO daxilində ümumi strategiyanın formalaşdırılmasını daha da çətinləşdirir.
Məhz buna görə hesab etmək olar ki, NATO-nu Rusiya ilə birbaşa qarşıdurmaya sürükləmək üçün müəyyən təxribat xarakterli addımlar və ya manipulyasiya cəhdləri bundan sonra da davam edə bilər”.
Ekspert deyib ki, Rusiyanın Rumıniyanı birbaşa vurmaqda maraqlı olduğunu söyləmək çətindir:
“Moskva çox yaxşı anlayır ki, NATO üzvünə hücumun nəticələri tamamilə fərqli və daha təhlükəli mərhələyə keçid deməkdir.
Bu baxımdan, bəzi qüvvələrin Qərbin Ukrayna müharibəsinə daha dərindən və birbaşa şəkildə qoşulmasına zəmin yaratmağa çalışması ehtimalı hazırda inandırıcı görünür. Buna Ukrayna daxilində də cəhd edənlər ola bilər. Əsas məqsəd müharibənin coğrafiyasını genişləndirmək və Rusiya ilə Qərb arasında qarşıdurmanı daha açıq fazaya keçirməkdir”.
Turan Rzayev
Globalinfo.az