“Biz qanunvericilikdə qadını hələ də “arvad” adlandırırıq. Nə zamansa bu, qəbul edilən ifadə olub, amma açıq deyək, bu gün heç bir xanım ona belə müraciət edilməsini arzulamaz”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Ailə Məcəlləsi başda olmaqla, bütövlükdə qanunvericilikdə, o cümlədən gələcəkdə Konstitusiyada aidiyyəti dəyişikliyin aparılması yaxşı olar:
“İkinci vacib məqam — dəfələrlə qeyd etmişik, bir daha vurğulamaq istəyirəm — gender məsələlərindən danışarkən xüsusi ehtiyatlı davranmalıyıq. Azərbaycan cəmiyyətində kişi və qadın institutları tam mənada oturuşub, “həyat yoldaşı” anlayışı formatında həm kişinin, həm qadının ailədə rolu çox aydın formada müəyyən edilib. Bizim bütün fəaliyyətimiz özünü doğrultmuş milli ailə institutunun qorunmasına yönəlməlidir və Azərbaycanın ailə dəyərlərini əlahiddə “kişiləşmiş qadın” obrazı, yaxud milli kimlikdən tam mənada uzaq salınmış “kişi” obrazı ilə zənginləşdirməyə ehtiyac yoxdur.
Biz məsələyə reallıq pəncərəsindən baxmalıyıq. Çünki bu gün Qərbin bəzi dairələri, onların diktəsi ilə hərəkət edən beynəlxalq şəbəkələr və daxildəki marginal, populist ünsürlər “gender bərabərliyi” şüarı altında bizim milli-mənəvi dəyərlərimizə, ailə institutumuza qarşı mənəvi terror həyata keçirməkdədirlər. Bu gün, çox təəssüflər olsun ki, bərabərlik adı altında bizim cəmiyyətə yad, əxlaqi aşınmaya xidmət edən ssenariləri sırımaqdadırlar. Amma baxın, qadının üstünlüyündən danışanlar, özlərinə sərf etməyəndə, heç gözlərini də qırpmadan hər hansı bir qadını sosial media qaragüruhunun linç obyektinə çevirə bilirlər”.
Safura Bənnayeva
Globalinfo.az