“Hesab edirəm ki, bugünkü sessiyanın əsas əhəmiyyəti mənzil məsələsinə yalnız şəhərsalma və sosial rifah prizmasından deyil, həm də gender bərabərliyi, insan hüquqları və inklüziv inkişafın strateji elementi kimi yanaşmanın təşviq edilməsidir”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova WUF13 tədbiri çərçivəsində çıxışı zamanı deyib.
O bildirib ki, layiqli mənzil hüququ insan ləyaqətinin, sağlamlığın, təhlükəsizliyin və sosial inklüzivliyin əsas sütunlarından biridir:
“Lakin qlobal miqyasda mövcud olan sistemli problemlər milyonlarla insanı bu hüquqdan tam şəkildə yararlanmaq imkanından məhrum edir. Xüsusilə qadınların başçılıq etdiyi ailələr, məcburi köçkün qadınlar, yaşlı qadınlar, əlilliyi olan qadınlar və qeyri-rəsmi məşğulluqda çalışan qadınlar daha böyük risklə üzləşirlər”.
B.Muradova qeyd edib ki, gender əsaslı zorakılıq hallarında təhlükəsiz və adekvat mənzilin olmaması qadınları olduqca ağır seçim qarşısında qoyur: ya zorakılıq mühitində qalmaq, ya da yoxsulluq və evsizlik riski ilə üzləşmək:
“Bu isə bir daha göstərir ki, mənzil siyasəti yalnız yaşayış sahəsinin təmin olunması deyil, eyni zamanda insan təhlükəsizliyi, sosial müdafiə və fundamental hüquqlar məsələsidir”.
Zaira Akifqızı
Globalinfo.az