Metyu Sayks

Paris Olimpiadası zamanı Sena çayında gördüyümüz kimi, “swimmability” anlayışı daha dayanıqlı icmaların yaradılması deməkdir. Bu, “üzmək üçün yararlı şəhərlər” konsepsiyasını əsas istiqamətə çevirmək üçün fəaliyyət göstərən qlobal layihədir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında “Swimmable Cities” təşəbbüsünün həmtəsisçilərindən Metyu Sayks WUF13-lə bağlı danışarkən deyib.

O qeyd edib ki, əslən Avstraliyadandır, lakin Kanadada yaşayır:

“Ottavada yaşayıram, şənbə günü Bakıya gəldim. Sona qədər burada olacağam. Mayın 22-də isə Xəzər dənizində “üzmək üçün yararlı şəhərlər” mövzusunda xüsusi tədbir keçirəcəyik. Bu tədbir UN-Habitat və Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunur. Məqsəd şəhər icmaları üçün təhlükəsiz, sağlam və əlçatan su məkanlarının təşviq edilməsidir”.

Azərbaycanla bağlı təəssüratlarını bölüşən Sayks Bakını yüksək qiymətləndirib:

“İlk dəfədir Azərbaycana gəlirəm. Açığı, Bakının memarlığı məni çox təsirləndirdi. Mən landşaft memarlığı sahəsində çalışıram və burada tarixlə müasir memarlığın çox gözəl vəhdətini görürəm. Şəhərdə insanların meydanlarda vaxt keçirməsi, şəhər landşaftının yaxşı qorunması diqqətimi çəkdi. İnsanlar da çox mehribandır. Azərbaycanın Dünya Şəhərsalma Forumunda göstərdiyi qonaqpərvərlik məni həqiqətən heyran etdi”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: