photo 5204447013892724084 y 1778839184830 770x XoaTb6 1

İsrailin “Kan 11” televiziya kanalında “Avrovizya” Mahnı Müsabiqəsi zamanı Ermənistan bayrağının yerinə qısa müddətə Azərbaycan bayrağı göstərilib. Bariz şəkildə texniki xəta olduğu görünür. Ümumiyyətlə, belə xətalara beynəlxalq canlı yayımlarda vaxtaşırı rast gəlinir və adətən məsələ bununla da bağlanır. Lakin bu dəfə hadisə məqsədyönlü şəkildə böyüdülməyə çalışdı.

İranın Ermənistandakı səfirliyi özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib ki, “heç kim gözəl Ermənistan bayrağının əvəzinə başqa bir bayrağı göstərə bilməz. İran həmişə Ermənistanın yanında olub”. Diplomatik nümayəndəliyin texniki səhvə bu qədər həssas reaksiya verməsi təəccüb doğurur.
Təəccüblə bərabər, açıqlamanın ardındakı məkrli məqsədi görmək elə də çətin deyil. Ümumiyyətlə İranın bəzi çevrələrinin son illərdə Cənubi Qafqaz siyasətində formalaşdırdığı siyasi xətt bu addımla bir daha gözlər önünə sərildi.

Birincisi, səfirliyin reaksiyası diplomatik etikadan daha çox siyasi mesaj xarakteri daşıyır. Söhbət televiziya ekranında bir neçə saniyəlik texniki xətadan gedir. Normal şəraitdə bu cür hadisə ya ümumiyyətlə şərh edilməz, ya da yumşaq ifadələrlə keçişdirilərdi. Diplomatik korpus isə məsələni siyasi bəyanat səviyyəsinə qaldıraraq “biz həmişə Ermənistanın yanındayıq” mesajı verdi.

İkincisi, bu bəyanat göstərir ki, İrandakı bəlli çevrələr üçün Ermənistan sadəcə qonşu ölkə deyil. O, TürkiyəAzərbaycan tandeminin regionda artan təsirini balanslaşdırmaq üçün vasitədir. Bu səbəbdən Tehran normalda üzərində durulmayacaq bir detala Ermənistandan daha emosional davranır.

Üçüncüsü, Tehranın bu “həssaslığı” onun regiondakı psixoloji narahatlığını da göstərir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, Türkiyə ilə strateji müttəfiqliyini daha da gücləndirib, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanı dərinləşdirib və İsraillə əməkdaşlığını genişləndirib. Bu dəyişikliklər İranın Cənubi Qafqazdakı əvvəlki təsir imkanlarını xeyli məhdudlaşdırıb.

Dördüncüsü, İranın bu davranışı onun tez-tez vurğuladığı “balanslı regional siyasət” tezisi ilə ziddiyyət təşkil edir. Tehran rəsmi olaraq Azərbaycan və Ermənistanla münasibətlərini paralel şəkildə inkişaf etdirdiyini bildirsə də, bu cür emosional bəyanatlar praktikada Ermənistanın siyasi mövqeyinə daha yaxın dayandığını göstərir.

İranın Ermənistandakı səfirliyinin reaksiyası Tehran–İrəvan münasibətlərindəki siyasi tərəfkeşliyin dərinliyini də bir daha ortaya qoyur. Necə ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan də bir neçə gün öncə bunu etiraf etmişdi.

R. Köçəryan deyib ki, “Sülhə can atsaq da, bu gün hələ də lazım gələrsə istifadə edə bilməyəcəyimiz silahlar alırıq. Məsələn, Fransa artilleriyası yaxşıdır, amma mərmisiz artilleriya sadəcə metal qırıntısıdır. İndi xəritəyə baxın: bu mərmiləri Fransadan Ermənistana hansı yolla çatdırmalısınız? Bir şeyi xatırlatmaq istəyirəm. 44 günlük müharibə zamanı yalnız İranın hava məkanı bu cür yüklər üçün açıq idi”.

Köçəryanın etirafı göstərir ki, 44 günlük müharibə zamanı Tehran ən azı logistik baxımdan Ermənistana kritik imkan yaradıb, dəstək verib. Əslində biz bunu daha öncədən yaxşı bilirdik. Amma bu fakt bir daha sübut edir ki, İran münaqişə dövründə tam neytral mövqe tutmayıb.

Hər halda “Kan 11”-də baş verən hadisənin özü texniki səhv idi. Amma İranın müəyyən çevrələrinin buna verdiyi reaksiya sıradan diplomatik şərh deyil. Bəzən televiziya ekranında görünən sadə bir səhv dövlətlərin əsl siyasi reflekslərini daha aydın ortaya qoyur.

Xatırladım ki, İranın Ermənistandakı səfirliyi dəfələrlə Azərbaycana qarşı qərəzli açıqlamalar verib. Keçmiş səfir Mehdi Sobhani də vaxtaşırı Bakıya qarşı diplomatik üsluba uyğun olmayan mövqe sərgiləyirdi. Bu diplomatik nümayəndəlik sanki İranın yox, Ermənistanın səfirliyidir. Azərbaycan XİN hər dəfə bu məsələ ilə bağlı qarşı tərəfə həddini bildirsə də yenə tendensiya davam edir. Bəzi hallarda İranın rəsmi qurumları da İrəvan səfirliyinin yersiz açıqlamalarını qınayıb. Bu onu göstərir ki, İranda bəzi dairələr Tehran-Bakı münasibətlərinin normallaşmasında maraqlı deyil. O qüvvələr iki qonşu dövlətin münasibətlərinin gərgin qalmasına çalışırlar.

turan rzayev 1 900x720 1
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: