WhatsApp Image 2026 05 15 at 10.55.06

Əvvəllər Avropanı musiqi ilə birləşdirən “Avroviziya-2026” müsabiqəsi son illərdə daha çox skandallar, qalmaqallar və siyasi məsələlərlə yadda qalır. Artıq ölkələrin finala çıxması, hətta qalib olması belə planlı proses, qeyri-şəffaf təşkilatçılıq kimi dəyərləndirilir.

İsrail skandalı

Şübhəsiz, bu ilin ən böyük skandalı İsrailin iştirakı ilə bağlı oldu. Son 3 ildə İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatlar səbəbi ilə bu ölkənin “Avroviziya”ya göndərdiyi ifaçılar sərt reaksiya ilə üzləşir. Digər ölkələrin təmsilçiləri arasında narazılıq edənlər olur, təmsilçi məşqlərdə, yarımfinal və final ifalarında fitə basılırdı.

Bu il isə müsabiqənin son 30 ilində görülməmiş bir skandal baş verdi. İspaniya, İrlandiya, Niderland, İslandiya və Sloveniya İsrailin müsabiqədən kənarlaşdırılması tələbini irəli sürdü. Tələb qəbul edilmədiyi üçün 5 ölkə boykot elan edərək “Avroviziya-2026”ya qatılmayacaqlarını açıqladılar. Həmçinin ifaçının çıxışı zalda yenə səs-küy və narazılıqla qarşılanır.

Finlandiya qalmaqalı

Hazırda müsabiqənin əsas favoritlərindən Finlandiyadır. İfaçı Pete Parkkonen və onu skripkada müşayiət edən məşhur musiqiçi Linda Lampeniusun performansı, seçdikləri mahnı yarışmanın birinciliyinə əsas namizəd kimi görülür.

Finlandiya heyəti müsabiqənin keçirildiyi Vyana şəhərində serbiyalı jurnalistlərin suallarını cavablamaqdan imtina ediblər. Bu addım Serbiya mətbuatında rezonans doğurub, “Avroviziya” izləyiciləri arasında birmənalı qarşılanmayıb. Hətta Linda Lampeniusun əvvəlki illərdə Kosovada yerləşdirilən NATO qoşunlarına konsert verdiyi ortaya çıxıb. Bu məsələ serb mediasında narazılığı daha da gücləndirib. NATO qoşunları 1999-cu ildə Kosova müharibəsindən sonra bölgəyə yerləşdirilib. Bu addım bir ölkə təmsilçisinin “sadəcə musiqi”, “münaqişələrdən kənar müsabiqə” anlayışına qarşı çıxaraq siyasi mövqeyini “Avroviziyaya” qarışdırması kimi qiymətləndirilib.

Xorvatiya qalmaqalı

“Lelek” qrupunun ifa etdiyi “Andromeda” mahnısı iki istiqamətdə qalmaqala səbəb olub. Mahnıda əsasən xorvat qadınlarının nəsildən-nəslə keçən ağrı-acılarından, dirənişindən və daxili gücündən bəhs edilir. Qrupunun 5 qadın üzvünün səhnə geyimləri və bədənlərinə çəkdikləri tatular böyük maraqla qarşılanıb. İsrailin KANN televiziyasının rəsmi X səhifəsi ilk yarımfinaldan sonra onların fotosunu paylaşaraq tatularını lağa qoyub. Qrup buna sərt reaksiya verib, Balkanlarda qadınların dirənişini təmsil edən bu simvollara qeyri-ciddi yanaşmanın doğru olmadığını bildirib və paylaşımın silinməsini tələb edib. KANN daha sonra paylaşımı silib və üzr mətni yayımlayıb.

WhatsApp Image 2026 05 15 at 12.32.24

Məlumata görə, sözügedən simvollar, əslində, Osmanlı dönəminə işarə edir. Belə ki, Balkanların Osmanlı İmperiyasının nəzarətində olduğu zamanlarda xristian qadınlarının, qızlarının qaçırılaraq “cariyə” edilməsi hallarının çox olduğu və simvolun da bu zamanda geniş istifadə edildiyi bildirilir. Xristian qadınların o zaman kimliklərini qoruyub saxlaya bilmələri üçün alınlarına mərkəzində xaç olan və fərqli simvollarla bəzənən işarə, həmçinin bədənlərinin müxtəlif yerlərinə də dini inanclarını göstərən digər işarələri tatu etdirdikləri deyilir. “Sicanje” adlanan bu döymə Anadolu bölgəsində də istifadə edilir. Xorvatiya qrupunun bu ənənəyə işarəsi Osmanlı İmperiyasını hədəf almaq kimi qəbul edilib və Türkiyə ictimaiyyətində narazılıq doğurub.

Azərbaycanın yeni “ənənəsi”

Təəssüf ki, ölkəmiz bu il də finala keçə bilmədi. Azərbaycan 2022-ci ilə qədər müsabiqənin ən maraqlı iştirakçılarından idi. Hətta “Azərbaycan heç vaxt pis mahnı və ifaçı göndərmir” fikri formalaşmışdı. Lakin artıq bu cümlə tarix olub. Ölkəmizi təmsil edən Cəmilə Həşimovanın (JİVA) səsi, enerjisi digər təmsilçilər və müsabiqənin izləyiciləri arasında maraqla qarşılanıb, çox bəyənilib, sevilib. Amma mahnı seçimi uğursuz hesab edilir. “Just go” mahnısı və ona uyğun hazırlanan səhnə quruluşu tənqid edilir.

Mahnı seçimi və performans problemləri aradan qaldırılmayana kimi “Avroviziya”da nəinki yuxarı pillədə qərarlaşmaq mümkün olacaq, hətta finalı görə bilməmə ənənəsi davam edəcək.

Qeyd edim ki, bu il Azərbaycanla yanaşı, GürcüstanErmənistan da finala vəsiqə qazana bilməyib. 2018-ci ildən bu yana ilk dəfədir ki, heç bir Cənubi Qafqaz ölkəsi “Avroviziya”nın finalına çıxmır.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: