virus 1

ABŞ-da Fred Hatçinson adına Onkologiya Mərkəzi və Vaşinqton Universitetinin alimləri Epstein-Barr (herpes) virusunun səthində yerləşən iki zülala qarşı yönələn anticisimlər hazırlayıblar. Bu zülallar virusun insanın immun sistemində mühüm rol oynayan B-hüceyrələrə daxil olmasına kömək edir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Science Alert” nəşri məlumat yayıb.

Epstein-Barr (EBV) dünyada ən geniş yayılan viruslardan biridir. Böyük insanların təxminən 95 faizinin bu virusla yoluxduğu düşünülür. Adətən heç bir simptom verməsə də, orqanizmə daxil olduqdan sonra ömür boyu qala bilir. Bu virus bir neçə növ xərçəng, dağınıq skleroz və digər ciddi sağlamlıq problemləri ilə əlaqələndirilir. Alimlər isə indi ona qarşı yeni və ümidverici mübarizə üsulu təklif ediblər.

Tədqiqatçılara görə, virusun səthindəki zülalların deaktiv edilməsi yoluxmanın qarşısını alır. Ehtimal edilir ki, bu,  virusun sonrakı yaşlarda yenidən aktivləşməsinin də qarşısını ala bilər. Alimlər insan immun sisteminə bənzər sistemə malik siçanlar üzərində təcrübələr aparıblar. Anticisimlərdən biri heyvanları EBV ilə yoluxmadan qorumağa nail olub.

“İmmun hüceyrələrimizin Epstein-Barr virusu ilə yoluxmasının qarşısını alan insan anticisimlərini tapmaq xüsusilə çətin idi. Çünki digər viruslardan fərqli olaraq, EBV demək olar ki, bütün B-hüceyrələrimizlə əlaqə qurmağı bacarır. Biz bu boşluğu doldurmaq və nəticədə qazanılan bilikləri dünyaya təqdim etmək üçün yeni texnologiyalardan yararlanmağa qərar verdik”, — deyə biokimyaçı Endryu Makqvayr vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: