ABŞ Ukraynaya uzunmənzilli idarəolunan bombaların və avadanlıqların satışını təsdiqləyib. Məlumata görə, “Boeing” 373,6 milyon dollarlıq müqavilənin əsas podratçı şirkəti kimi çıxış edəcək.
Digər tərəfdən, Avropa İttifaqı (Aİ) Ukraynaya 90 milyard avroluq kredit ayırmağı planlaşdırır.
Sözügedən qərarlar hazırda gərginliyin daha da artdığı Rusiya-Ukrayna müharibəsinin gedişatına necə təsir edəcək?
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, ABŞ-ın bu addımı Rusiyanın İrana dəstək verməsi ilə əlaqəlidir:
“İranla bağlı yaranmış vəziyyət Ukrayna müharibəsinə ciddi təsir edir. Hörmüz boğazının bağlanmasının nəticəsi olaraq, neft qiymətlərinin artması Rusiyanın güclənməsinə şərait yaradır. Bu da Ukraynanı və Avropa İttifaqını narahat edir. Ona görə də Ukrayna Rusiyaya hücumları gücləndirməklə məsələnin arxa plana keçməməsinə çalışır.
Digər tərəfdən, Çinlə yanaşı Rusiyanın da İrana dəstək verməsi ABŞ-a problem yaradır. Ukrayna Prezidenti Volodimir Zelenski də ümid edir ki, yaranmış durumdan istifadə edə və Trampın mövqeyində dəyişikliyə nail ola bilər. Bilirsiniz ki, Ukrayna müharibəsi ilə bağlı həlledici amil Vaşinqtonun mövqeyi idi. Amma Trampın Rusiya ilə pərdəarxası anlaşmaya getməsi Ukrayna və Avropa İttifaqını çətin duruma saldı.

Əli Zülfüqaroğlu
Hazırda ABŞ üçün prioritet İranla məsələni qısa müddətdə həll etmək və Konqresə seçkilərə hazırlaşmaqdır. Bu istiqamətdə qeyri-müəyyən vəziyyət isə ABŞ-ın Ukraynaya ciddi hərbi dəstək verəcəyi ehtimalını azaldır. Buna görə də İranla yanaşı, Ukrayna məsələsi də daha mürəkkəb xarakter alır. Avropa İttifaqının 90 milyardlıq kredit dəstəyi ənənəvi strategiyanın — tükəndirmə planının davam etdiriləcəyi anlamına gəlir. Amma bu planın nəticə verəcəyi ehtimalı çox azdır”.
Turan Rzayev
Globalinfo.az