“2015-ci ildə Azərbaycanla bağlı oxşar münasibət mövcud idi və Azərbaycan Parlamenti tamamilə düzgün qərar verərək bu qurumla bütün əlaqələri kəsmişdi. Lakin Azərbaycanın genişürəkli mövqeyi və Prezidentin Avropa istiqamətində inteqrasiyanın vacibliyini nəzərə alaraq, konstruktiv və humanist yanaşma sərgiləndi”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Səməd Seyidov deyib.
Deputat bildirib ki, həmin qərardan dərhal sonra Avropa Parlamenti Azərbaycana münasibətini dəyişməyə çalışdı:
“Onlar xahiş yox birbaşa yalvarırdılar. Etiraf edirdilər ki, səhv ediblər və gələcəkdə bu cür addımlar atmayacaqlar. Hətta rəsmi sənəd təqdim edərək buna imza atmışdılar.
Nəticədə, 2016-cı ildə Azərbaycan Parlamenti avrointeqrasiya məsələsini yüksək qiymətləndirərək əvvəlki qərarını dəyişdi və əməkdaşlığı bərpa etdi.
Lakin sonradan qəbul edilən 13 qətnamənin hamısı Azərbaycana qarşı yönəlmiş, ölkəmizin uğurlarını kölgə altına almağa xidmət edən sənədlər oldu. Burada həmkarlarımın da qeyd etdiyi kimi, sual yaranır: niyə hər bir uğurumuzdan sonra Avropa Parlamenti tərəfindən belə qətnamələr qəbul olunur?
Yaxın günlərdə Ermənistanla Avropa liderlərinin sammiti keçiriləcək. Amma etiraf etmək lazımdır ki, bu proses artıq başlayıb – sadəcə İrəvanda deyil. Avropanın siyasi liderləri əvvəlcə Azərbaycana gəlir, Azərbaycan Prezidentı ilə görüşür, onun gördüyü işləri dünyaya təqdim edirlər. Bu da göstərir ki, Azərbaycan artıq Avropa üçün enerji, logistika və təhlükəsizlik baxımından son dərəcə əhəmiyyətli ölkəyə çevrilib. Eyni zamanda diqqət yetirmək lazımdır ki, əvvəllər Azərbaycana qarşı qətnamələr birbaşa müzakirəyə çıxarılırdı və zaman keçdikcə bu sənədlərə səs verənlərin sayı azalırdı. Bunlar gördüləri ki, getdikcə özləri özlərini ifşa edəcəklər. Çünki 720 nəfər deputatdan bəzi qətnamələrə 47 nəfər, 30-35 nəfər səs verirdi.
Bunu görən tərəflər artıq fərqli üsullara əl atmağa başladılar. İndi isə Azərbaycanla bağlı məsələləri başqa mövzulara, məsələn Ermənistanla bağlı qətnamələrə daxil edirlər. Elə hiyləgərcəsinə təqdim olundu ki, heç Azərbaycanın bu məsələyə aidiyyatı da yoxdur. Bu, tamamilə əsassızdır. Əgər Ermənistan haqqında danışılırsa, Azərbaycan niyə buraya daxil olmalıdır?
Fikrimcə, Azərbaycan Parlamentinin qəbul edəcəyi mövqe son dərəcə vacib və əhəmiyyətlidir. Biz müstəqil, güclü və suveren dövlətik. Avropa İttifaqının üzvü deyilik və həmin təşkilat qarşısında heç bir öhdəlik götürməmişik. Biz münasibətlərimizi yalnız qarşılıqlı hörmət əsasında qurmaq istəyirik və buna hər zaman hazırıq, lakin bu formada yox.
Safura Bənnayeva
Globalinfo.az