İran Prezidenti Məsud Pezeşkian ölkəsinin hər zaman danışıqları alqışladığını, lakin ABŞ-ın tətbiq etditi blokada və təhdidlərin münaqişənin sülh yolu ilə həllinə mane olduğunu bildirib.
Maraqlıdır ki, aprelin 21-də ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin uzadıldığını elan edib. Buna baxmayaraq, İslamabadda tərəflər arasında gözlənilən görüş baş tutmayıb.
Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Pezeşkianın bəyanatı strateji məqamlar razılaşdırılmadan ABŞ-la İran arasında sülh danışıqlarının uğurlu olmayacağını və müharibənin yenidən başlanması ehtimalını göstərir:
“İran daha öncə danışıqlar üçün 10 əsas şərt irəli sürmüşdü, bu şərtlərdən imtina etmək istəmədiyi də aydındır. Yəni İran nə uran zənginləşdirmə proqramından, nə də Hörmüz boğazına nəzarətdən imtina etmək istəyir. Lakin Tehran bütün cəbhələrdə atəşkəsə əməl olunmasını tələb edir. ABŞ və İsrail təbii olaraq bu tələblərlə razı deyillər. Odur ki, müharibə müddətində hərbi və enerji infrastrukturu ciddi şəkildə məhv edilən İran, hazırda ABŞ tərəfindən “blokadanın blokadası” taktikası ilə iqtisadi olaraq boğulmağa çalışılır.
İran Hörmüz boğazına keçid məhdudiyyəti tətbiq etdiyi kimi, dünya miqyasında, açıq dənizlərdə, okeanlarda güc sahibi olan ABŞ da daha geniş anlamda Tehranın keçid imkanlarını məhdudlaşdırıb. Bu, İran ilə yanaşı onun enerji və digər məhsullar ixrac etdiyi müttəfiqlərinə, əsasən də Çinə təzyiqdir. Bütün bunlar dünyanın uzunmüddətli tab gətirə biləcəyi bir vəziyyət deyil. Odur ki, İran ya ABŞ-ın şərtlərini bu və ya digər dərəcədə qəbul etməli, ya da müharibəni yenidən davam etdirməlidir.

Şəhla Cəlilzadə
Tehran rəhbərliyinin ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin İslamabada səfərə hazırlaşdığı bir zamanda Pakistanda keçiriləcək danışıqların ikinci raundunda iştirak etməyəcəyini açıqlaması, İranda kapiyulyasiyadansa, müharibənin davam etməsi fikrinin dəstəkləndiyini göstərdi. Lakin müharibənin növbəti mərhələsi bütün mənalarda daha dağıdıcı olacaq və region ölkələrinin buna hazır olub-olmadığı sual doğurur. Bir sıra İsrail mənbələri atəşkəsin 3-5 günə bitəcəyi iddiasını səsləndirir, lakin xatırlatmaq olar ki, Tramp İranın danışıqların növbəti raundu üçün sülh təkliflərini formalaşdırmasına “limitsiz” zaman tanıyıb. Başqa sözlə, atəşkəs istənilən tərəfdən birinin atəşi ilə pozularsa, bu dəfə Yaxın Şərq daha gərgin müharibə ocağına çevrilə bilər”.
Turan Rzayev
Globalinfo.az