Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türkiyənin vitse-prezidenti Cövdət Yılmazla görüşündə iki ölkənin strateji tərəfdaş olduğunu bildirib. Tokayev Astana-Ankara münasibətlərinin qarşılıqlı etimad və hörmətə əsaslandığını vurğulayıb.
O bildirib ki, təxminən 35 illik əməkdaşlıq yeni səviyyəyə yüksəlib və tərəflər arasında heç bir fikir ayrılığı mövcud deyil. Həmçinin Türkiyə prezidentinin mayın 14-də Qazaxıstana səfər edəcəyi açıqlanıb.
Globalinfo.az-a danışan poltioloq Aytən Qurbanova deyib ki, Türkiyə–Qazaxıstan münasibətlərinin hazırkı mərhələsi yalnız ikitərəfli əməkdaşlıq kontekstində deyil, bütövlükdə Türk dünyasının geosiyasi və geoiqtisadi transformasiyası baxımından da strateji əhəmiyyət kəsb edir:
“İki dövlət arasındakı münasibətlərin 1990-cı illərin əvvəllərindən etibarən formalaşaraq bu gün çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini aydın şəkildə müşahidə etmək mümkündür. Bu əməkdaşlıq siyasi dialoq, iqtisadi inteqrasiya, nəqliyyat-logistika layihələri və təhlükəsizlik sahələrini əhatə edir. Xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində koordinasiyanın güclənməsi Ankara ilə Astana arasında münasibətləri daha sistemli və uzunmüddətli platformaya daşıyır.
Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, cənab Tokayevin “fikir ayrılığı yoxdur” mesajı diplomatik ritorikadan daha çox, tərəflər arasında maraqların yüksək səviyyədə uzlaşdığını göstərir. Müasir beynəlxalq münasibətlər sistemində belə uyğunluq nadir haldır və əsasən ortaq strateji baxışın mövcudluğu ilə izah olunur”.

Aytən Qurbanova
Politoloqun sözlərinə görə, Türkiyə–Qazaxıstan əməkdaşlığının əsas dayaqlarından biri nəqliyyat və enerji sahəsindəki ortaq maraqlardır:
“Xüsusilə Transxəzər beynəlxalq nəqliyyat marşrutu – “Orta Dəhliz” layihəsi iki ölkənin geoiqtisadi rolunu əhəmiyyətli dərəcədə artırır. Qazaxıstanın zəngin enerji resursları ilə Türkiyənin tranzit və logistika imkanlarının birləşməsi Avrasiya məkanında alternativ ticarət marşrutlarının formalaşmasına şərait yaradır. Eləcə də, hər iki ölkə üçün Orta Asiya və Cənubi Qafqazda sabitlik prioritet olaraq qalır. Bu isə onların siyasi mövqelərinin bir çox məsələlərdə üst-üstə düşməsinə səbəb olur. Cənab Tokayevin açıqlaması isə öz növbəsində məhz bu uyğunluğun təsdiqi kimi çıxış edir. Digər tərəfdən, Türkiyə–Qazaxıstan münasibətləri artıq klassik ikitərəfli formatdan çıxaraq daha geniş formatda, yəni Türk dünyasında inteqrasiya çərçivəsində qiymətləndirilməlidir.
Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Ankara ilə Astana arasında strateji yaxınlaşma yalnız milli maraqlara deyil, həm də ortaq sivilizasiya və kimlik faktorlarına əsaslanır.
Beləliklə də, mövcud reallıqlar göstərir ki, Türkiyə–Qazaxıstan münasibətləri sabit, proqnozlaşdırıla bilən və strateji baxımdan dərinləşən əməkdaşlıq modelidir. Tokayevin bəyanatı isə bu münasibətlərin hazırkı vəziyyətini dəqiq ifadə etməklə yanaşı, gələcək inkişaf istiqamətlərinə də işarə edir”.
Turan Rzayev
Globalinfo.az