Aprelin 12-nə keçən gecə paytaxtın Suraxanı rayonu Zığ şosesində baş vermiş ağır qəzada ölənlərin kimliyi müəyyənləşib.
Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2002-ci il təvəllüdlü Elmir Vaqif oğlu Qubadovun idarə etdiyi “Toyota Carolla”nın yolun hərəkət hissəsində dayanmış yük maşınına çırpılması nəticəsində 2 nəfər hadisə yerində ölüb.
Bunlar 1986-cı il təvəllüdlü Elvin Vaqif oğlu Əsgərov və 1984-cü il təvəllüdlü Samir Qismət oğlu Məmmədovdur. Hadisə nəticəsində 1965-ci il təvəllüdlü Azad Yaqub oğlu Əhmədov isə xəsarətlər alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, hadisəyə yük maşınının sutkanın qaranlıq vaxtı təhlükəsizlik tədbirlərinə əməl etməməsi səbəb olub.
***11:53
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az bildirir ki, Oxu.Az-ın məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda qeydə alınıb.
Belə ki, “Toyota” markalı avtomobil ilə “Hyundai” markalı yük maşınının toqquşması nəticəsində minik avtomobili alışıb. Hadisə nəticəsində “Toyota”da olan bir nəfər ölüb, iki nəfər isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən “Toyota” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində nəqliyyat vasitəsinin mühərriki və salon hissəsi yanıb.
Avtomobilin qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.
Qəza nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 1 nəfər həyatını itirib.
