Tofiq zulfuqar0

Son zamanlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsilə bağlı danışıqlar prosesində vacib addımlar müşahidə olunur. Həmçinin Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyası haqda görüşlərin də müsbət nəticələr verəcəyi gözlənilir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tofiq Zülfüqarov gələcək görüşlərdə digər qurumların nümayəndələrinin də iştirak edə biləcəyini qeyd edib:

“Azərbaycan tərəfinin müxtəlif qurumlarını təmsil edən nümayəndələrin öz potensial vətəndaşları ilə görüşməsi reinteqrasiya prosesinin praktiki şəkildə həyata keçirilməsidir. Onlarla görüşdə əsasən praktik mövzular müzakirə edilir, siyasi mövzular deyil. Düşünürəm ki, növbəti görüşlərdə dövlət və vətəndaşlar arasında əsas rol oynayan digər qurumların da təmsil olunması istisna edilmir. Məsələn, burada ASAN Xidmətin təmsilçisi də ola bilər.
Yəni Azərbaycan bəyan etdiyi siyasəti artıq həyata keçirir. Ona görə də qaz, su təminatı, başqa sosial məsələlər, mülkiyyət mövzuları o bölgədə yaşayan insanların praktiki istəkləri nəzərə alınaraq müzakirə olunacaq. Qarabağda yaşayan ermənilərin sahib olduqları mülklərin Azərbaycan qanunlarına uyğun olaraq qeydiyyata alınması və digər qanuni tənzimləmələr də uzun proses müddətində həyata keçiriləcək”.

Politoloq onlara icma kimi təmsilçilik statusunun verilməsinin doğru olmadığını bildirib:

“Qarabağdakı ermənilər bizim vətəndaşımızdırlar, milli mənsubiyyətlərinin nə olması vacib deyil. Onlar özlərindən başqa heç kimi təmsil etmirlər. Ola bilsin ki, orada müvəqqəti və qanunsuz fəaliyyət göstərən su, yaxud işıq idarələrinin hansısa “təmsilçiləri” var. Azərbaycan Respublikasının Konstitusiyasında ölkədaxili hər hansı bölgənin, icmanın, millətin təmsilçisi deyə bir anlayış yoxdur. Bu, konstitusiyamıza ziddir. Oradakı vətəndaşlara hansısa status vermək düzgün olmaz”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: