1766310517 pasinyan 2025

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamalarını tənqid edib.

Globalinfo.az xəbər verir ki, Zaxarova Paşinyanın “üçüncü ölkələr”lə Ermənistan ruhaniləri arasındakı münasibətlər haqda çıxışını Rusiyaya ünvanlanan mesaj kimi xarakterizə edib.

O, həmçinin Paşinyanın Avropa İttifaqı ilə bağlı mövqeyini istehza ilə qarşılayıb:

“Paşinyan,  Aİ-yə qəbul edilsək yaxşı olacaq, əks halda da qazanacağıq deyir. Belə insanlar adətən oyun qaydalarından xəbərsiz olurlar”, – Zaxarova bildirib.

Rusiya XİN rəsmisi çıxışında Avropa İttifaqının iqtisadi çətinliklər yaşadığını iddia edib. Onun sözlərinə görə, Aİ-də sənaye istehsalının azalması, dövlət borcunun artması, miqrasiya böhranı və enerji qiymətlərinin yüksəlməsi vətəndaşların həyat səviyyəsinə mənfi təsir göstərir.

Zaxarova bildirib ki, Ermənistanın Avropa standartlarını tətbiq etməyə çalışması qəribə görünür. Çünki ölkə həmin standartların hazırlanmasında iştirak etmir. Bunun əksinə olaraq, Avrasiya İqtisadi İttifaqı və Müstəqil Dövlətlər Birliyi kimi qurumlarda Ermənistan qərarların qəbulunda tamhüquqlu iştirakçıdır.

O əlavə edib ki, Ermənistan iqtisadiyyatı böyük ölçüdə məhz Aİİ ilə ticarət-iqtisadi əlaqələrə bağlıdır və ölkə ötən il 7–7,2 faiz civarında artım tempi nümayiş etdirib. Bu da dünyadakı orta göstəricilərdən daha yüksəkdir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: