İranın xarici işlər naziri Abbas Əraqçi CBS-ə müsahibəsində ölkənin zənginləşdirilmiş uran ehtiyatlarının dağıntılar altında qaldığını bildirib. Onun sözlərinə görə, Tehran onların çıxarılması ilə bağlı hər hansı plan nəzərdən keçirmir.
Maraqlıdır, İran hücumun olacağını gözləməsinə rəğmən niyə zənginləşdirilmiş uranı daha etibarlı və təhlükəsiz yerdə saxlanılmayıb? Bu maddə dağıntılar altında qalarsa, ətraf mühit və qonşu ölkələr üçün nə kimi təhlükələr yarada bilər?
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, İrana genişmiqyaslı hücum fonunda bir sıra mühüm məqamlar ortaya çıxıb:
“Bunlardan biri də uran ehtiyatları və onların aqibəti məsələsidir. Məlumdur ki, İran uranı zənginləşdirməklə məşğul idi, İsrail və ABŞ da bu məsələni əsas gətirərək hücuma keçdilər. Vaşinqton İranın nüvə dövlətinə çevrilməməsi və uranı zənginləşdirməməsi üçün bu addımı atdı.

İlyas Hüseynov
Hesab edirəm ki, Əraqçinin müsahibəsində səsləndirdiyi fikirlər ciddi məsələləri əhatə edir. İranın uran ehtiyatlarının dağıntılar altında qalması iddia olunur. Əgər həqiqətən belədirsə, bu, region ölkələri üçün çox ciddi təhlükə deməkdir. İrana endirilən zərbələr davam edir və əsas hədəflər hələ də mövcud ehtiyatlar, nüvə reaktorları və anbarlardır. Bu vəziyyət region üçün təhlükələri daha da artırır. Bölgəmiz ciddi ekoloji problemlərlə üzləşə bilər.
Məsələnin hərtərəfli araşdırılması vacibdir. Dövlətlər bu məsələnin üzərinə birlikdə getməli, müştərək təşəbbüslər irəli sürərək mümkün fəsadların qarşısını almağa çalışmalıdır”.
Turan Rzayev
Globalinfo.az