XIII Qlobal Bakı Forumu çərçivəsində “Çin və qlobal idarəetmə təşəbbüsü” adlı panel baş tutub.
Globalinfo.az bildirir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov düzgün və müvafiq alətlərdən istifadə etməklə regionda da iqtisadi ticarətin artırılmasının zəruri olduğunu söyləyib.
Sloveniyanın sabiq prezidenti Borut Pahor hesab edir ki, Çin qlobal məsələlərdə iştirak edir və hazırda bu ölkə tarixi geosiyasi mərhələni udan tərəfdir:
“Çin qlobal hadisələrə baxmayaraq, inqilab etmək istəmir. Öz inkişafına köklənib. Bu, Çinin öz seçimidir. Sabit və proqnozlaşdırılan ölkədir. Bütün qaydaları dəyişmək istəmir. Beynəxalq hüququn tərəfdarıdır. Gələcəkdə baş verənləri görəcəyik”.
Çinin 2019–2025-ci illərdə Avropa məsələləri üzrə xüsusi nümayəndəsi olan Vu Honqbo bildirib ki, ölkəsi dünyada indiki turbulentlik və qeyri-müəyyənlik fonunda qlobal idarəetməyə öz ideyalarını və yanaşmalarını təklif etməyə çalışır.
Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutunun direktoru Eldor Aripov vurğulayıb ki, hazırda dünyada dəyişikliklər baş verir:
“Çin isə daha çox təməl prinsiplər üzərində dayanır. Bu ölkə yaxşı ideyaları reallıqlara çevirir. Çin Mərkəzi Asiya dövlətləri ilə əlaqəni gücləndirir, münasibətlərdə hərtərəfli dəyişikliklər baş verir. Çin Mərkəzi Asiyada hazırda bir nömrəli investordur. Ötən il Çinin regionda sərmayələri 40 milyard dollara çatıb. Çin Mərkəzi Asiyada özünü əsas oyunçu kimi göstərir”.
Sent-Qallen Universitetinin Çin Kompetensiya Mərkəzinin keçmiş direktoru, iqtisadçı Cosef Mondl qeyd edib ki, hazırda ölkələrarası təşəbbüslər çoxdur.
“Ölkələr konkret maraqları izləyirlər. Qlobal Cənub Çini rəqib hesab etmir. Çin konkret layihələr icra edir. Biz ölkələr arasında əlaqələr yaratmaq istəyiriksə, strukturu dərindən öyrənməliyik”.
Birləşmiş Krallığın keçmiş xarici işlər naziri Tobias Ellvood isə əlavə edib ki, ölkələrarası konsensusun olmaması vəziyyəti çətinləşdirir, bir çox ölkələr də bundan istifadə edir.



