
Oktyabrın 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Benyamin Qansın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu haqda Müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdən əvvəl İsrailin nümayəndə heyəti Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələrini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.
İsrailin Müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
General-polkovnik Z.Həsənov qonaqları salamladıqdan sonra hər iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.
Səmimi görüşə görə təşəkkürünü bildirən cənab B.Qans isə öz növbəsində hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edərək bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif ixtisaslı hərbi mütəxəssislər səviyyəsində işçi görüşlərin təşkili, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Globalinfo.az-ın şərhi
Güney Qafqazda, İranda gedən proseslər, həmçinin Rusiya-Ukrayna cəbhəsindəki son gəlişlmələr fonunda İsrail müdafiə nazirinin Bakı səfəri xüsusi həssaslıqla izlənir.
Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının hazırkı mərhələsində regionun aparıcı ölkəsi olan İsrailin Azərbaycana yönəlik istənilən ilıq rəftarı mövqeyimizi gücləndirir, rəsmi İrəvanın narahatlığını artırır. Azərbaycan regionun aparıcı, qüdrətli oyunçuları olan Türkiyə, İsrail və Pakistanla dost-müttəfiqdir. Bu dostluğun, müttəfiqliyin qiyməti, mahiyyəti 44 günlük Vətən müharibəsində daha açıq göründü. Başda qardaş Türkiyə olmaqla, bölgənin 3 aparıcı dövlətinin Azərbaycanı dəstəkləməsi Ermənistanın həm rəsmi dairələrini, həm cəmiyyətini vahimə, gərginlik altında saxlayır. Nəzərə alsaq ki, son aylar İsraillə Türkiyə arasında siyasi-diplomatik münasibətlər normallaşmağa başlayıb. Bu faktın özü də Ermənistan üçün dezavantaj sayıla biləcək amildir.
Azərbaycan prezidenti İlham Əliyevin siyasətinin mahiyyətini yaxın-uzaq qonşularla, aparıcı dövlətlərlə münasibətləri yüksək tutmaq təşkil edir. Aralarında siyasi, diplomatik və hərbi qarşıdurma yaşanan dövlətlərlə Azərbaycan dost-müttəfiqdir. Bu, diplomatiya tarixində az rast gəlinən nümunələrdəndir. Buna görə heç bir dövlət İlham Əliyevi qınamır, daha doğrusu, qınaya bilmir. “Düşmənimlə niyə dostluq edirsən” iradları eşidilmir. Çünki Azərbaycan prezidenti hamı ilə, bütün qüvvələrlə, dövlətlərlə münasibətləri açıq və şəffaf saxlayır. İlham Əliyevi sevdirən və qəbul etdirən əsas keyfiyyətlər də bunlardı – sözdə bütövlük, siyasətdə şəffaflıq, diplomatiyada dürüstlük, şəxsi münasibətlərdə centlmenlik.







