baki yeni 1

Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının və düzgün istifadəsinin qorunması ilə bağlı xüsusi tapşırıqlar verib, bu istiqamətdə “Mediada Azərbaycan dili” kimi maarifləndirici təşəbbüslər həyata keçirilir. Dövlət səviyyəsində ana dilinin mövqeyinin gücləndirilməsi prioritet elan olunsa da, gündəlik həyatın vizual mühitində fərqli mənzərə ilə qarşılaşırıq. Paytaxtın mərkəzi küçələrində və ticarət obyektlərinin lövhələrində “supermarket”, “store”, “boutique” kimi xarici sözlər üstünlük təşkil edir. Bu isə dil siyasəti ilə real praktikadakı vəziyyət arasında müəyyən suallar yaradır.

Dövlət səviyyəsində Azərbaycan dilinin qorunması təşviq olunduğu halda, kommersiya məkanlarında xarici adlandırmaların geniş yayılması nə ilə izah olunur?

Globalinfo.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli deyib ki, sözügedən məsələ Dövlət Reklam Agentliyinin səlahiyyətindədir:

“Biz şəhərdə yerləşdirilən reklam lövhələrinə nəzarət edə bilmərik və açığı, tövsiyələrimizə də çox vaxt əməl olunmur. Yalnız nəzəri çərçivəni təqdim edə, dil baxımından düzgün variantın necə olmalı olduğunu göstərə bilərik. Lakin tətbiq mexanizmi və ya cəza aləti bizim səlahiyyətimizə daxil deyil”.

5420 1765196725

Nadir Məmmədli

Alimin sözlərinə görə, “dükan” kiçik alqı-satqı ərazisinə deyilir:

“Əslində, “dükan” daha kiçik ticarət məkanını ifadə edir, böyük marketə “dükan” demək tam uyğun sayılmaya bilər. Bu halda “mağaza” sözündən istifadə etmək daha məqsədəuyğundur ki, bu da ərəb sözüdür və çoxdan dilimizə gəlib.  “Supermarket” isə beynəlxalq termindir və dünyanın bir çox ölkəsində eyni formada istifadə olunur. Bu səbəbdən həmin sözün işlədilməsi ciddi problemli deyil. Əsas narahatlıq doğuran məqam odur ki, dildə artıq qarşılığı olan sözlərin yerinə, əsassız şəkildə əcnəbi sözlər işlədilir. Məsələn, biz “qapıçı” deyirik, lakin indi “qolkiper” ifadəsinə üstünlük verilir. Halbuki buna real ehtiyac yoxdur. Problem məhz bu məqamda, yersiz əvəzləmədə ortaya çıxır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: