KDAPSTHVRRNMNNSZPY7EJ4ZB7Y

Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyada mülki nüvə əməkdaşlığının dərinləşdirilməsi niyyətinin yer alması Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni və daha həssas mərhələnin başlandığını göstərir.

Oxşar müddəanın Ermənistanla imzalanan sənəddə də əksini tapması isə ABŞ-ın regiona yanaşmasının sistemli və uzunmüddətli strategiyaya əsaslandığını ortaya qoyur. Bu məqam enerji təhlükəsizliyi, texnoloji transformasiya və geosiyasi balans baxımından xüsusi diqqət çəkir. Mülki nüvə əməkdaşlığı yalnız enerji istehsalı ilə məhdudlaşmır, eyni zamanda yüksək texnologiyalar, təhlükəsizlik standartları, kadr hazırlığı və beynəlxalq nəzarət mexanizmlərini də əhatə edir.

Bəs Vaşinqtonun həm Bakı, həm də İrəvanla mülki nüvə əməkdaşlığını gündəmə gətirməsi hansı məqsədlərə xidmət edir? Bu addım regionda enerji balansını dəyişə bilər? Azərbaycan üçün bu əməkdaşlıq alternativ enerji strategiyasının tərkib hissəsidir, yoxsa daha geniş geosiyasi planın elementi?

Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, ABŞ-ın vitse-prezidentinin Azərbaycana səfəri sıradan diplomatik təmas kimi deyil, Vaşinqtonun Bakı ilə münasibətlərə verdiyi yüksək siyasi əhəmiyyəti və dəyəri göstərən hadisə kimi qiymətləndirilməlidir:

“Donald Tramp administrasiyasının siyasi xəttində vitse-prezidentlik institutu prezidentin strateji xəttinin, prioritetlərinin və mesajlarının əsas daşıyıcısı funksiyasını yerinə yetirir. Bu səfər ABŞ-ın Azərbaycanla münasibətləri yeni mərhələyə keçirmək niyyətinin açıq ifadəsi kimi qəbul olunmalıdır. Azərbaycan artıq təkcə Cənubi Qafqaz ölkəsi kimi deyil, Avrasiya məkanında geosiyasi proseslərin kəsişdiyi mühüm düyün nöqtəsi kimi qəbul edilir. Bu dəyişiklik ABŞ-ın region siyasətində Azərbaycanın roluna münasibətdə çox ciddi yeniliklərin olduğunu göstərir. Ötən gün iki ölkə arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyasının əsas məqsədi suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında regional sabitliyi möhkəmləndirmək, enerji, ticarət, rəqəmsal inkişaf və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirməkdir”.

bakir hesenbeyli
Bakir Həsənbəyli 

Politoloq bildirib ki, Ermənistanın ABŞ ilə mülki xarakterli nüvə enerjisi üzrə əməkdaşlıq anlaşması imzalaması əslində Rusiyanın enerji layihələrindən açıq şəkildə kənarlaşdırılması üçündür:

“Bu, Rusiyaya qarşı sistemli geopolitik sıxışdırma planının tərkib hissəsidir. Azərbaycanla bağlı məsələyə gəlikdə isə, mülki nüvə əməkdaşlığı dinc məqsədlər üçün birgə istifadə edilməsi, tədqiqatlar aparması və təhlükəsizlik standartlarının bölüşməsidir. Bu əməkdaşlıq çərçivəsində nüvə enerjisi sektorunun inkişafı, texnologiya transferi və təhlükəsizlik tədbirləri daha da ön plana çıxır.

Yəni ABŞ və Ermənistan arasında nüvə enerjisi sahəsində əməkdaşlıq barədə razılıq ölkələrin mülki nüvə enerjisi sektorunda birgə çalışmaq niyyətini göstərir. ABŞ-ın Ermənistan ilə nüvə energetikası sahəsində əməkdaşlığı Rusiyanın nüvə enerjisindən imtina edilməsini hədəfləyir. Azərbaycanla imzalanan Tərəfdaşlıq haqqında Xartiyada isə belə bir məqsəd yoxdur”.

Turan Rzayev
Globalinfo.az 

Paylaş: